Dönərxanalardan reportaj: Biri öskürür, digəri isə... - Gigiyenik vəziyyət nə yerdədir?
Axşamdır. İşdən çıxıb evə gedirəm. Evdə hər nə qədər "çöldə yemək yemə" deyilsə də, nəfsimə qalib gələ bilmirəm. Deyirəm, bir dönər yeyim. "Elmlər Akademiyası" metrostansiyasının yaxınlığında adəti üzrə səs-küy, tələskənlik və qarışıq insan axını var. Hələ universitetlərdə dərs olmamağına baxmayaraq, dönərxanaların qarşısı ənənəvi olaraq adamlarla doludur. Gələnlər də elə mənim kimi sadəcə acdır və doymaq məqsədi ilə gəlirlər.
Universitetin yaxınlığındakı dönərxanalardan birinə girirəm. Sanki dönərxanada zamanın dəyəri yeməyin keyfiyyətindən daha öndə gəlir. İnsanlar dayanmadan hərəkətdədir və bu axının ortasında dönərxanalar müasir şəhər həyatının yanacaqdoldurma məntəqələrinə bənzəyir. Dayanırsan, tez nəsə alırsan və yoluna davam edirsən.

Mən də bu axına qarışram. Dediyim kimi axı acam. Bir dönərxananın qarşında durub və deyirəm girim dönər yeyim. Dönərxananın qarşısında isə növbə var. Vitrin işıqlı, şüşə təmiz, menyu müxtəlifdir. Hər şey gözə xoş gəlir. Amma vitrinin arxasında görünən mənzərə artıq başqa suallar doğurur. Böyük bir dönər şişi mərkəzdə fırlanır. Ət qızarır, yağı damcılayır, altına qoyulmuş qabda toplanır. Amma həmin ət eyni zamanda açıq havadadır, ətrafdan keçən yüzlərlə insanın nəfəsi, tozu, səsi ilə üz-üzədir.
Sifariş verirəm. Satıcı gülümsəyir və soruşur:
- Ət, ya toyuq?
Cavab verirəm:
- Toyuq.
Əlbəttə bu, şəxsi istəyə görə dəyişir, amma mən hər zaman toyuq dönərə üstünlük verirəm. Qiymətlərə baxıram. Ortaboylu ət dənörinin qiyməti üç manat, böyüyü isə üç manat, 50 qəpikdir. Toyuq dönəri isə bir manat ucuz təklif olunur. Toyuq dönəri və orta ölçüdə ayran sifariş edirəm. Kassir deyir 3 manat edir. Mən isə deyirəm "tamam". Keçirəm sifarişimi gözləyim. Sifarişin qəbzini verirəm dönər bişirən ustaya. O da əlcək taxıb, işə başlayır. Amma bir neçə saniyə əvvəl həmin əlcəklə dönər hazılayır. İndi də qəbz götürür və təzədən eyni əlcəklə çörəyi açır.

Mən də ənənəvi olaraq suallar yaranmağa başlayır. Dönəri hazırlaya-hazırlaya ustadan gülə-gülə soruşuram. Ət hardan alınır, keyfiyyətə cavab verirmi? Usta dönəri hazırlayarkən gülümsəyərək deyir:
- Əlbəttə, təmiz ətdi. Sertifikatıda var.
Arxa tərəfdə görürəm ki, başqa bir işçi telefonla danışa-danışa kələm doğrayır. Saç örtüyü yoxdur, önlük yarımçıqdır, amma iş sürətlə gedir. Burada əsas prinsip gigiyena yox, sürətdir. Bəli, artıq bu qənaətə gəlirəm. Utanmasam deyərəm ki, dönər lazım deyil.
Dönər hazırlanarkən yenə diqqət edirəm: Çiy tərəfdən kəsilən ət dərhal bişmiş hissəyə yaxınlaşdırılır, eyni bıçaq istifadə olunur. Masanın üzəri nə vaxt təmizlənib bilinmir. Arada biri öskürür, digəri alnının tərini silib yenidən işinə davam edir. Bu mənzərələr, necə deyərlər, kadr arxasıdır, diqqətsiz alıcı üçün görünməzdir, amma sağlamlıq üçün ən həlledici məhz burasıdır. Burada məqsədim kimisə iyrəndirmək deyil, lakin dediyim kimi...
Dönəri alıb kənarda dayanaraq yeməyə başlayıram. Gözümün önündə təzdən həmin mənzərə canlanır və buna görə də sadəcə ayranı içib dönəri də yarıya qədər yeyib büküb qoyuram kənara. Dad normaldır, hətta iştahaçıcıdır. Amma hər tikə də beynimdə suallar artır. Bu ət haradan gəlib? Obyektdə deyilənlərə inanmaq olarmı? Həqiqətən, baytarlıq nəzarətindən keçibmi? Kəsim nə vaxt olub? Bəlkə də, ət təmiz ətdir, söz demirəm amma onun hazırlanma prosesində bir qədər tərəddüd edirəm nəsə söyləməyə. Yeni suallar daha ağlıma gəlir. Bu gün neçə saatdır burada fırlanır, dünəndən qalan ət varmı? Bəlkə, dondurulub? Bəlkə yenidən əridilib? Özümü qınayıram: sən də soruşmursan, ancaq fikirləşirsən, soruş rahatlan da...Amma bir tərəfdən də fikirləşirəm, görəsən, soruşsam həqiqəti deyərlərmi. Məncə, yox. Bunların heç birinin cavabı yoxdur, çünki burada sistem yox, təxmin var.

Ətrafımda hamı sakitcə dönər yeyir. Heç kim sual vermir. Çünki biz artıq dönəri risk yox, adi bir hal kimi qəbul etmişik. Sanki təhlükə yalnız xarab qoxu gələndə başlayır. Halbuki qida zəhərlənməsi çox vaxt qoxusuz, dadsız, görünməz olur. Bakteriya vitrində görünmür, salmonella menyuda yazılmır, amma nəticəsi birbaşa xəstəxanada ortaya çıxır.
Mətbəx tərəfdən gələn qoxu iştah açsa da, görüntü düşündürücüdür. Ət açıqdır, milçəklər arada yaxınlaşır, işçilərin əksəriyyəti qoruyucu maska taxmır, əl yuma fasilələri formal xarakter daşıyır. Dezinfeksiya anlayışı isə daha çox söz olaraq qalır, praktik olaraq yox.
Bu mənzərə tək bir dönərxanaya aid deyil. "Elmlər" ərazisi sadəcə simvoldur. Eyni səhnə demək olar ki, şəhərin bütün mərkəzi nöqtələrində təkrarlanır. Dönər ucuzdur, çünki xərclər minimumdur. Minimum olan isə çox vaxt ətin keyfiyyəti, işçi heyətin təlimi və sanitar normalardır. Dönərin son tikəsini yeyəndə artıq dadın heç bir əhəmiyyəti qalmır. Qalan yalnız narahatlıqdır. Çünki anlayırsan ki, bu tək sənin yediyin yemək deyil. Bu, bir şəhərin gündəlik vərdişidir. Biz hər gün nə yediyimizi bilmirik, amma yenə də yeməyə davam edirik. Çünki soruşmaq yorucudur, yoxlamaq vaxt aparır, tələb etmək isə mədəniyyət tələb edir.
Əslində bu dönər sadəcə qida deyil. Bu, nəzarətsizliyin, biganəliyin və “belə də olar” düşüncəsinin simvoludur. Burada risk tək mədə ağrısı deyil. Burada risk uzunmüddətli sağlamlıq, uşaqların immun sistemi, gənclərin gələcək həyat keyfiyyətidir. Amma biz hələ də ən vacib sualı vermirik: bu şəhərdə sürət niyə həmişə sağlamlıqdan önə keçir? Gəli, öncə bunun cavabını tapaq bunu tapsaq əmin olun ki, dönərlə bağlı suallara da cavab taparıq. Yenə də nuş olsun.
Elmir Heydərli
15:34 03.02.2026
Oxunuş sayı: 475