Uşaq hüquqları ilə bağlı qanuna mühüm dəyişiklik - Ekspertlər danışdı
Yetkinlik yaşına çatmayan şəxslərin hüquqlarının və şəxsi həyatının toxunulmazlığının qorunması informasiya mühitində xüsusi əhəmiyyət kəsb edir. Media vasitəsilə yayılan məlumatların uşaqların psixoloji durumuna və gələcək sosial həyatına mümkün təsirləri bu sahədə daha sərt hüquqi tənzimləmələrin tətbiqini zəruri edir.
Bu baxımdan yeni hazırlanmış “Uşaq hüquqları haqqında” qanun layihəsindən irəli gələrək media sahəsində mühüm dəyişikliklərin edilməsi təklif olunur. Təklif olunan yeniliklər yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərərçəkmiş şəxslərə dair məlumatların yayılmasında yazılı razılıq mexanizmini tətbiq etməklə onların hüquqlarının daha etibarlı şəkildə qorunmasına xidmət edir.
Məsələ ilə bağlı hüquqşünas Cavanşir Qasımzadə Crossmedia.az-la öz fikirlərini bölüşüb: "Son illərdə Azərbaycanda məlumatların mühafizəsi və informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində həm qanunvericilik, həm də praktiki mexanizmlər əhəmiyyətli dərəcədə təkmilləşdirilmişdir. Bu istiqamətdə əsas məqsəd fərdi, kommersiya və dövlət əhəmiyyətli informasiyaların qorunmasını təmin etmək, onların icazəsiz yayılmasının və sızmasının qarşısını almaqdır. Məlum olduğu kimi, bəzi məlumatlar şəxsi xarakter daşıyır, bəziləri kommersiya sirri, digərləri isə dövlət əhəmiyyətli informasiya hesab olunur. Bu məlumatların qorunması məcburidir. Həmin informasiyaların üçüncü şəxslərə ötürülməsi və ya açıqlanması yalnız müvafiq şəxsin yazılı razılığı əsasında mümkündür. Burada söhbət təkcə fərdi məlumatlardan deyil, eyni zamanda müəllif hüquqları və əqli mülkiyyətlə bağlı informasiyalardan, həmçinin jurnalistika fəaliyyəti çərçivəsində əldə edilən məlumatlardan da gedir. Xüsusilə xəbər mənbələrinin məxfiliyinin qorunması və yalnız yazılı razılıq əsasında açıqlanması hüquqi və etik baxımdan vacib şərt kimi müəyyən edilir".
Hüquqşünas, həmçinin yazılı razılığın tələb olunmasının əsas səbəbinin şifahi razılığın sübut edilməsinin çətinliyi olduğunu qeyd edib: "Yazılı forma isə hüquqi baxımdan sübutedici qüvvəyə malikdir. Bu, mümkün manipulyasiyaların qarşısını alır və tərəflərin məsuliyyətini aydın şəkildə müəyyənləşdirir. Əks halda, yəni yazılı əsas olmadıqda, məlumatın yayılmasına görə məsul şəxsin kimliyini müəyyən etmək çətinləşir və hüquqi mübahisələr üçün zəmin yaranır".

Jurnalist Azər Həsrət isə düşünür ki, mövcud qanunvericiliyə görə az yaşlılar, yəni yetkinlik yaşına çatmayanların barəsində informasiyaların yayılması, onların görüntülərinin paylaşılması və s. məsələlərdə şifahi şəkildə onların böyüklərindən ata, ana himayədarlarından icazə alınmalıdır: "Yəni onlar icazə verdikdən sonra bu informasiyalar yayıla bilir. Amma bu, xaosa səbəb olur. Çünki sabah bir münaqişə vəziyyəti yarananda necə sübut etmək olacaq ki, tutaq ki, o informasiyanı yayan uşağın böyüyündən icazə alınıb. Yəni bunun yazılı sübutu- sənədi yoxdur. Ona görə də narahatlıq doğuran məqamlar ortaya çıxa bilər. Bu baxımdan düşünürəm ki, qanunvericiliyə ediləcək dəyişiklik, yaxud irəli sürülən təklif yerinə düşür. Yəni, həqiqətən də, yetkinlik yaşına çatmayan, 18 yaşından aşağı şəxslərin barəsində onu tanıda biləcək hansısa informasiyaların yayılması üçün mütləq onların böyüklərindən, himayədarlarından yazılı icazənin alınması vacibdir. Sabah münaqişəli vəziyyət yarananda artıq informasiyanı yayan tərəf həmin o sənədi ortaya qoyub məsuliyyət yükündən azad ola bilər. Amma indiki şəraitdə bu imkan yoxdur".
Elmir Heydərli
16:31 29.01.2026
Oxunuş sayı: 580