Tramp dünya iqtisadiyyatını necə alt-üst etdi? - Detallar açıqlandı
"Dünya iqtisadiyyatı və Azərbaycan"(Layihənin ideya müəllifi, professor Rüfət Quliyevdir)
ABŞ Prezidenti Donald Trampın son açıqlamaları beynəlxalq siyasi və iqtisadi gündəmdə mühüm dönüş nöqtəsi kimi qiymətləndirilir. Xüsusilə onun bir müddət əvvəl səsləndirdiyi tarif təhdidlərindən imtina etməsi və Qrenlandiyanın zorla ABŞ-ın nəzarətinə götürülməsi ehtimalını istisna etməsi qlobal miqyasda gərginliyin azalması kimi dəyərləndirilir. Bu bəyanatlar həm müttəfiq ölkələrdə, həm də maliyyə bazarlarında uzun müddətdir davam edən qeyri-müəyyənliyə nisbətən aydınlıq gətirib.
Trampın “güc tətbiq etməyə ehtiyac yoxdur və etməyəcəyəm” kimi ifadələri, onun xarici siyasətdə daha yumşaq ritorikaya keçid etdiyini göstərir. Bu yanaşma ABŞ-ın beynəlxalq imicinə təsir etməklə yanaşı, Avropa və Şimali Amerika regionunda diplomatik münasibətlərin normallaşması üçün yeni imkanlar yaradır.
Analitiklər hesab edirlər ki, bu cür açıqlamalar Vaşinqtonun müttəfiqləri ilə münasibətlərdə qarşıdurmadan daha çox dialoqa üstünlük verdiyini nümayiş etdirir.
Sözügedən siyasi yumşalma dərhal qlobal iqtisadi göstəricilərdə də öz əksini tapıb. İnvestorların risk algısı zəifləyib, nəticədə dollar möhkəmlənib, təhlükəsiz aktiv kimi qəbul edilən qızılın qiyməti enib, fond bazarlarında isə yüksəliş müşahidə olunub. Bu proses göstərir ki, siyasi sabitlik və proqnozlaşdırıla bilən qərarlar beynəlxalq maliyyə sistemində əsas etibar mənbələrindən biri olaraq qalır.
Məsələ ilə bağlı Milli Məclisin 4 çağırış deputatı (III, IV, V, VI) iqtisad elmləri doktoru, professor Rüfət Quliyev Crossmedia.az-la öz fikirlərini bölüşüb:
"Ümumiyyətlə, iri dövlətlərin liderlərinin siyasi çıxışlarından sonra dünya bazarlarında müəyyən dalğalanmaların baş verməsi adi haldır. Tarixən dəfələrlə şahidi olmuşuq ki, yüksək səviyyəli bəyanatlar qlobal maliyyə və əmtəə bazarlarına qısamüddətli təsir göstərir. Məsələn, bir neçə il əvvəl Çin lideri Si Cinpinin çıxışlarından sonra ölkədə kriptovalyuta bazarında ciddi təşviş yaranmışdı. Lakin sonradan vəziyyət tənzimləndi və bu gün Çin artıq kriptovalyutaların tanınması və inkişafı istiqamətində konkret addımlar atır. Oxşar proseslər ABŞ-da da müşahidə olunub: rəsmi şəxslərin açıqlamaları kriptovalyutaya, eləcə də neft, qaz və nadir torpaq metallarının qiymətlərinə təsir göstərib. Ancaq bu təsirlər, əsasən, qısamüddətli xarakter daşıyır və bazarın fundamental dinamikasını dəyişmir".

Professor, həmçinin dünya bazarının və birjaların əsas xüsusiyyəti daim hərəkətdə olması olduğunu bildirib: "Hər dəqiqə yeni informasiyalar, yeni qərarlar və yeni gözləntilər formalaşır. Bu, bazar iqtisadiyyatının əsas qanunlarından biridir və istənilən halda davam edəcək. Trampın son çıxışına diqqətlə yanaşdıqda da görünür ki, o, Qrenlandiya məsələsində yalnız hərbi müdaxilədən imtina etdiyini bəyan edib. Lakin bu, ABŞ-nin Qrenlandiya üzərində iqtisadi təsir mexanizmlərindən tamamilə əl çəkdiyi anlamına gəlmir. Əsas sual bu təsirin hansı formada və hansı alətlərlə həyata keçiriləcəyidir. Bu baxımdan prosesləri emosional yox, soyuqqanlı şəkildə izləmək və səbirli olmaq daha məqsədəuyğundur. Mən əvvəlki açıqlamalarımda da qeyd etmişdim ki, qızıl və gümüşün qiymətləri dünya bazarında artım trendinə girəcək və bu proqnozlar mərhələli şəkildə özünü doğruldur. Neftlə bağlı isə fərqli mənzərə müşahidə olunur: qiymətlərin altmış dolların altına düşəcəyi barədə proqnoz da artıq reallığa çevrilməkdədir. Bu proseslərin arxasında əsasən iki böyük oyunçu – ABŞ və Çin dayanır. Məhz onların iqtisadi və siyasi qərarları bazarlarda əsas tendensiyaları formalaşdırır. Neft və qazda qiymətlərin ciddi şəkildə yüksəlməsi yalnız inkişaf etmiş ölkələrdə tələbatın kəskin artması halında mümkündür. Əks halda, mövcud ucuzlaşma trendinin davam edəcəyi gözləniləndir. Buna görə də qısamüddətli emosional reaksiyalar yox, uzunmüddətli analitik yanaşma daha doğru nəticə verir".
Qeyd edək ki, mövzu ilə bağlı daha geniş məlumatlar əldə etmək üçün "Dünya iqtisadiyyatı və Azərbaycan" rublikası çərçivəsində aşağıdakı linkə keçid edərək tanış ola bilərsiniz.
https://crossmedia.az/az/article/64008
17:33 23.01.2026
Oxunuş sayı: 609