Cənubi Koreya Prezidenti Si Cinpinə birgə selfi çəkməyi təklif edib
Cənubi Koreya Prezidenti Li Çje Myon Çin Xalq Respublikasının sədri Si Cinpinlə keçirilən rəsmi görüş zamanı qeyri-adi və səmimi addımı ilə diqqət çəkib. Belə ki, Cənubi Koreya lideri görüş əsnasında Si Cinpinə birgə selfi çəkməyi təklif edib.
Crossmedia.az xəbər verir ki, məlumata görə, Li Çje Myon cibindən Xiaomi markalı smartfonunu çıxararaq Çin liderinə bu təklifi edib. Hadisə rəsmi protokol çərçivəsindən kənar, daha səmimi atmosferdə baş verib.
Si Cinpin bu təklifə yumorla yanaşaraq razılıq verib. O, eyni zamanda Cənubi Koreya prezidentinin foto çəkmək bacarığını da yüksək qiymətləndirib.
Qeyd olunur ki, bu jest iki ölkə liderləri arasında münasibətlərin yumşaq və dostyana məcrada davam etdiyini göstərən simvolik addım kimi qiymətləndirilir. Sosial şəbəkələrdə və mediada geniş müzakirə olunan bu an diplomatik görüşlərdə qeyri-rəsmi ünsiyyətin artmasına nümunə kimi göstərilir.
Nastya Qəniyeva
14:02 06.01.2026
Oxunuş sayı: 2743