Gürcüstan parlamentinin sədri: Aİ artıq qlobal nizamın təminatçısı deyil
Venesuelada cəmi bir neçə dəqiqə çəkən əməliyyat Avropa İttifaqının beynəlxalq nizamın təminatçısı və qlobal geosiyasi oyunçu kimi faktiki olaraq artıq mövcud olmadığını təsdiqlədi. Bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili “Facebook” sosial şəbəkəsində yazıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir. Papuaşvilinin sözlərinə görə, baş verənlər göstərib ki, Brüssel zərurət yarandıqda dünya nizamının dağıdılmasından faydalanmaqdan və bunu öz maraqları naminə istifadə etməkdən çəkinmir.
“Brüsselin Gürcüstana qarşı beynəlxalq hüququ pozan addımları bunun açıq sübutudur”, - deyə o vurğulayıb.
Gürcüstan parlamentinin sədri qeyd edib ki, ölkə hakimiyyətinin əsas prioritetləri dəyişməz olaraq qalır: ölkənin ərazi bütövlüyünün bərpası və gürcü xalqının rifahının təmin edilməsi.
Onun sözlərinə görə, ərazi bütövlüyü uğrunda mübarizədə siyasi sentimentalizmə və illüziyalara yer yoxdur.
“Gürcüstanın ərazi bütövlüyünü tanımayan dövlətlər və hakimiyyətlər heç vaxt gürcü xalqının dostu ola bilməz. Bu, fundamental bir həqiqətdir”, - deyə Papuaşvili bildirib.
Sevinc Yarməmmədova
13:35 06.01.2026
Oxunuş sayı: 2785