Baxçalı ABŞ-nin Venesueladakı addımlarını lənətləyib
Türkiyədə Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı ABŞ-nin Venesuelaya qarşı həyata keçirdiyi addımları kəskin şəkildə tənqid edib. O, Vaşinqtonun siyasətini açıq şəkildə “banditizm və piratçılıq” kimi xarakterizə edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir. Baxçalının sözlərinə görə, Venesuela prezidenti Nikolas Maduronun ABŞ tərəfindən beynəlxalq hüquq normaları pozularaq saxlanılması qəbuledilməzdir və bu addım “təkəbbürün və zorakılığın açıq təzahürüdür”. Türkiyəli siyasətçi baş verənləri qeyri-legitim və qanunsuz hücum kimi qiymətləndirib.
“Bu əməli yalnız nifrət və sərtliklə qınamıram - onu hər mənada lənətləyirəm”, - deyə Baxçalı bəyan edib.
O, xüsusilə Maduronun saxlanılma şəraitinə diqqət çəkərək bildirib ki, Venesuela liderinin gecə saatlarında, həyat yoldaşı ilə birlikdə evində olarkən zorla ələ keçirilməsi “baş verməməli və baş verə bilməyəcək bir hadisədir”.
Çıxışının sonunda Baxçalı ABŞ-nin xarici siyasətini yırtıcıya bənzədib. Onun sözlərinə görə,
“neft qoxusunu alan Amerika imperializmi, qan qoxusunu hiss edən köpəkbalığından daha təhlükəlidir.”
Türkiyəli millətçi liderin bu açıqlaması Vaşinqtonun Venesuela siyasətinə beynəlxalq reaksiyaların getdikcə daha sərt xarakter aldığını göstərir.
Sevinc Yarməmmədova
13:25 06.01.2026
Oxunuş sayı: 2632