Kadırov Zelenskini hədələdi: Əmr verilərsə, onu Qroznıya gətirə bilərik
Çeçenistan rəhbəri Ramzan Kadırov Ukrayna Prezidenti Volodimir Zelenski və onun ətrafına yönəlik sərt açıqlama ilə çıxış edib. Kadırov bildirib ki, müvafiq əmr verildiyi təqdirdə Zelenski və onun “tərəfdarları” Qroznıya çox qısa müddətdə gətirilə bilər.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir. Onun sözlərinə görə, bu proses Venesuela Prezidenti Nikolas Maduronun ABŞ-da peyda olmasından belə daha sürətli baş verərdi. Kadırovun bu müqayisəli ifadəsi beynəlxalq aləmdə ciddi rezonans doğurub və açıq hədənin siyasi mesaj kimi qiymətləndirilməsinə səbəb olub.
Çeçenistan rəhbəri açıqlamasında konkret detallara toxunmasa da, bəyanat Ukrayna müharibəsi fonunda Rusiya daxilində səsləndirilən ən sərt ritorikalardan biri kimi dəyərləndirilir. Ekspertlər hesab edirlər ki, Kadırovun bu çıxışı həm daxili auditoriyaya, həm də beynəlxalq ictimaiyyətə yönəlmiş psixoloji təzyiq elementi daşıyır.
Rəsmi Kiyev hələlik Kadırovun açıqlamasına münasibət bildirməyib. Beynəlxalq hüquq və diplomatik normalar baxımından isə bu cür bəyanatların gərginliyi daha da artırdığı vurğulanır.
Sevinc Yarməmmədova
23:00 05.01.2026
Oxunuş sayı: 2550