Venesuela Parlamenti ABŞ-ın hücumu ilə bağlı sərt qərar qəbul etdi
Venesuela Parlamenti ölkəyə qarşı həyata keçirildiyi bildirilən ABŞ hücumu ilə əlaqədar kəskin addım atıb. Parlamentin qəbul etdiyi qərara əsasən, Amerika tərəfindən təşkil olunduğu iddia edilən hücuma hər hansı formada dəstək verən bütün şəxslərin axtarışına başlanılması və onların hüquqi məsuliyyətə cəlb edilməsi tapşırılıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir. Söhbət təkcə birbaşa iştirakçılardan deyil, həmçinin hücumun hazırlanması, maliyyələşdirilməsi və ya informasiya dəstəyi göstərilməsi prosesində yer alan şəxslərdən gedir. Parlament üzvləri bunu Venesuelanın suverenliyinə və milli təhlükəsizliyinə açıq təhdid kimi qiymətləndiriblər.
Qərara əsasən, hüquq-mühafizə orqanları və xüsusi xidmət strukturları sözügedən şəxslərin müəyyənləşdirilməsi üçün təcili tədbirlər görməli, nəticələr barədə parlamentə mütəmadi məlumat verməlidir. Hakimiyyət orqanları vurğulayıb ki, ölkəyə qarşı yönələn istənilən xarici müdaxilə cəzasız qalmayacaq.
Sevinc Yarməmmədova
23:05 05.01.2026
Oxunuş sayı: 2781