Rusiyada azərbaycanlı miqrantların Ukrayna müharibəsinə məcburi göndərildiyi bildirilir
Rusiyada, o cümlədən Azərbaycan və Mərkəzi Asiya ölkələrinin vətəndaşı olan əmək miqrantlarının Ukraynadakı müharibəyə məcburi şəkildə cəlb edildiyi barədə məlumatlar yayılıb. Bu barədə bir sıra KİV-lər xəbər verir.
Crossmedia.az xəbər verir ki,məlumata görə, tikinti sahəsində çalışan təxminən 250 nəfər zorla Voronej şəhərində yerləşən hərbi hissəyə aparılıb. Onların 20-si Azərbaycan vətəndaşı, digərləri isə Özbəkistan, Qırğızıstan və Tacikistan mənşəli şəxslərdir. Daha sonra bu şəxslərin Rostov vilayətindəki hərbi hissəyə köçürüldüyü bildirilir.
Xəbərlərdə qeyd olunur ki, sözügedən miqrantlar hərbi xidmətə dair heç bir sənəd imzalamayıb və döyüş əməliyyatlarında iştirak üçün razılıq verməyiblər. Eyni zamanda, onların ailə üzvləri ilə əlaqə imkanlarının ciddi şəkildə məhdudlaşdırıldığı vurğulanır.
Azərbaycan vətəndaşlarının yaxınlarının artıq Azərbaycanın Rusiyadakı səfirliyinə və digər aidiyyəti qurumlara müraciət etdiyi bildirilir. Məsələ ilə bağlı rəsmi qurumların mövqeyi hələlik açıqlanmayıb.
Nastya Qəniyeva
22:07 05.01.2026
Oxunuş sayı: 2963