Türkiyədə 1800 illik pilləkən aşkarlandı
Türkiyənin Aydın vilayətinin Sultanhisar rayonunda yerləşən Nysa Antik şəhərində aparılan arxeoloji qazıntılar zamanı 1800 il yaşı olan pilləkənlər üzə çıxarılıb.
Crossmedia.az xəbər verir ki, sözügedən pilləkənlər Qərbi Anadolunun ən yaxşı qorunmuş qədim kitabxanalarından birinə aparan yolu təmin edib.
Roma dövründə elm və mədəniyyət mərkəzi kimi tanınan, iki sahil üzərində qurulduğu üçün “iki yaxalı şəhər” adlandırılan Nysa Antik şəhərində qazıntılar Ankara Universitetinin Dil və Tarix-Coğrafiya Fakültəsinin Arxeologiya bölməsinin müəllimi, professor doktor Serdar Hakan Öztaner rəhbərliyi ilə həyata keçirilir.
Belə ki, zeytun ağacları arasında yerləşən və təxminən 2300 illik tarixə malik olan Nysa şəhəri gymnasium, teatr, stadion, aqora, məclis binası, geniş küçələri, Akharaka Məbədi və Qərbi Anadolunun ən yaxşı qorunmuş kitabxanalarından biri ilə seçilir.
Professor Öztaner bildirib ki, antik dövrün məşhur coğrafiyaşünası Strabon təhsilini məhz Nysa şəhərində alıb və şəhəri “iki yaxalı” adlandırıb. Onun sözlərinə görə, şəhərin qərb hissəsində, mərkəzi körpüdən Akharaka istiqamətində uzanan əsas küçədə ötən ildən etibarən “Gələcəyə Miras” layihəsi çərçivəsində qazıntılar aparılır.
“2025-ci ildə qazıntılar irəlilədikcə əsas küçənin kitabxana oxuna gəldiyini müəyyən etdik və küçədən kitabxanaya aparan pilləkənləri üzə çıxardıq. Bu bizim üçün çox vacib tapıntı idi, çünki küçə ilə kitabxana arasındakı 2 metrlik hündürlük fərqinin necə keçildiyi indiyədək məlum deyildi. Bu il 1800 il əvvələ aid kitabxanaya aparan pilləkənləri aşkar etmiş olduq”, – deyə Öztaner qeyd edib.
Onun sözlərinə görə, kitabxana eramızın 130-cu ilində inşa edilib və küçə–yol sistemi Roma imperatoru Avqust dövründən mövcud olub.
“Düşünürük ki, II əsrdə əsas küçə üzərindən kitabxanaya çıxış üçün bu pilləkənlər salınıb. Beş pillə ilə mərmər döşəməli həyətə çıxılır. Bu pilləkənlər kitabxananın yerləşdiyi sahənin mərkəzində yer alır və birbaşa kitabxananın ön həyətinə aparır”, – deyə alim əlavə edib.
Professor Öztaner vurğulayıb ki, Efesdəki Celsus Kitabxanasından sonra inşa edilən Nysa Kitabxanası Qərbi Anadolunun ən yaxşı qorunmuş kitabxanalarından biridir.
Onun sözlərinə görə, 16 kitab rəfinə malik olan bu kitabxanada antik dövrdə mühüm əlyazmalar saxlanılıb və bu gün də Nysa şəhərinə gələn ziyarətçilərin böyük marağına səbəb olur.
Fatimə Məmmədova
23:50 02.01.2026
Oxunuş sayı: 1235