Z nəsli niyə yaşamadığı 80-ci illər üçün darıxır? – Professor Əbülfəz Süleymanlıdan “sintetik nostalji” izahı
Son dövrlərdə
sosial şəbəkələrdə 1980-ci illərin estetikası yenidən populyarlıq qazanıb. Süni
intellekt vasitəsilə hazırlanan retro fotolar, köhnə fotoalbomları xatırladan
görüntülər, kasetlər, vinil valları, həmin dövrün geyim və saç üslubları
xüsusilə Z nəsli arasında geniş maraq doğurur. Maraqlıdır ki, bu tendensiyanın əsas
iştirakçılarının böyük bir hissəsi 80-ci illəri heç yaşamayıb.
Üsküdar Universitetinin Sosiologiya kafedrasının professoru Əbülfəz Süleymanlı Türkiyənin“Türkiye” qəzetinə verdiyi müsahibəsində bu tendensiyanı yalnız keçmişə maraq və
ya sosial mediada populyarlaşmaq istəyi ilə izah etməyin doğru olmadığını
bildirib. Onun fikrincə, burada müasir rəqəmsal həyat tərzinə qarşı formalaşan
daha dərin sosial və psixoloji ehtiyaclar özünü göstərir.
Əbülfəz
Süleymanlı bu fenomeni “sintetik nostalji” anlayışı ilə izah edir. Onun sözlərinə
görə, bu gün gənclər heç vaxt yaşamadıqları bir dövr haqqında ailə hekayələri,
filmlər, musiqilər, televiziya serialları, arxiv görüntüləri və indi də süni
intellekt vasitəsilə özlərinə xüsusi bir keçmiş təsəvvürü yaradırlar.
Professor
qeyd edir ki, gənclərin 80-ci illərə marağının arxasında həmin dövrlə əlaqələndirilən
səmimiyyət, qonşuluq münasibətləri, ailə birliktəliyi, üz-üzə ünsiyyət və həyatın
daha yavaş ritmi dayanır. Rəqəmsal dünyada böyüyən Z nəsli texnologiyadan
imtina etmək istəmir, əksinə, texnologiyanın həyatın bütün sahələrini zəbt etmədiyi
bir tarazlıq axtarır.
Süleymanlının
fikrincə, sosial şəbəkələrdə fasiləsiz bildirişlər, qısa videolar, daim yenilənən
informasiya axını və başqaları ilə müqayisə olunmaq hissi zaman keçdikcə rəqəmsal
yorğunluq və zehni doymuşluq yaradır. Bu səbəbdən bir vaxtlar köhnəlmiş hesab
olunan kaset, vinil, çap kitabı, analog foto və üz-üzə söhbət kimi elementlər
yeni nəslin gözündə yenidən dəyər qazanır.
Maraqlıdır
ki, rəqəmsal texnologiyaların yaratdığı ideal və qüsursuz görüntülərin fonunda
köhnə fotolardakı solğun rənglər, cızıqlar və texniki qüsurlar artıq “qüsur”
deyil, bir növ gerçəklik və autentiklik simvolu kimi qəbul edilir.
Professor
bununla yanaşı, keçmişin həddindən artıq romantikləşdirilməsinin müəyyən risklər
daşıdığına da diqqət çəkir. Onun sözlərinə görə, bugünkü sosial mediada
yaradılan estetik 80-ci illər təsviri ilə həmin dövrün real sosial həyatı eyni
deyil.
“20 yaşlı
bir gənc ailə xatirələri, dövrün musiqisi və serialları vasitəsilə beynində çox
canlı bir 80-ci illər obrazı yarada bilər. Lakin burada seçici yaddaş mexanizmi
işə düşür. Dövrün iqtisadi və sosial çətinlikləri arxa plana keçir, səmimiyyət,
qonşuluq, ailə birliktəliyi və daha yavaş həyat ritmi isə ön plana çıxır”, –
deyə Əbülfəz Süleymanlı bildirib.
Bu baxımdan,
Z nəslinin 80-ci illərə marağını sadəcə retro dəbi kimi deyil, müasir cəmiyyət
haqqında müəyyən mesajlar verən sosial göstərici kimi də qiymətləndirmək
mümkündür. Gənclərin keçmişdən seçdiyi əsas elementlər əslində köhnə əşyaların
özü deyil, aidiyyət, səmimiyyət, proqnozlaşdırıla bilən həyat, yavaşlıq və real
insan münasibətləridir.
Beləliklə, sosial mediada geniş yayılan 80-ci illər trendi bir tərəfdən süni intellektin yaratdığı yeni vizual mədəniyyətin məhsulu olsa da, digər tərəfdən rəqəmsal dövrdə yaşayan insanın daha “real”, daha yavaş və daha insani münasibətlərə duyduğu ehtiyacın göstəricisinə çevrilir.
Nigar Xəlilli
13:32 15.09.2026
Oxunuş sayı: 303