Azərbaycanın xarici ticarətində artım qeydə alınıb
Azərbaycanda xarici ticarətlə bağlı son göstəricilər ilk baxışdan müsbət mənzərə yaradır. İxracın artması və idxalın azalması ölkənin xarici ticarət balansında müsbət dinamikanın formalaşdığını göstərir. Xüsusilə qeyri-neft sektorunda ixracın artması iqtisadiyyatın şaxələndirilməsi baxımından diqqətçəkən göstəricidir. Lakin xarici ticarətdə müsbət saldo yaranması və ixrac həcminin yüksəlməsi iqtisadiyyatın avtomatik olaraq daha dayanıqlı və sağlam olduğu anlamına gəlmir. Burada əsas məsələ ixracın hansı məhsullar hesabına artması, həmin məhsulların nə qədər əlavə dəyər yaratması və ölkə iqtisadiyyatına uzunmüddətli təsirinin nə olmasıdır. Çünki yüksək ixrac göstəriciləri əsasən xammal hesabına formalaşırsa, bu, iqtisadiyyatın xarici qiymət dəyişikliklərindən asılılığını aradan qaldırmır. Digər tərəfdən, idxalın azalması da hər zaman iqtisadi aktivliyin artması kimi qiymətləndirilə bilməz. Dövlət xərclərinin və investisiyaların azalması fonunda idxalın zəifləməsi daxili tələbin və iqtisadi fəallığın aşağı düşməsi ilə də bağlı ola bilər. Buna görə də xarici ticarətin real vəziyyətini yalnız ixrac və idxal rəqəmləri ilə deyil, onların strukturu və iqtisadiyyata yaratdığı əlavə dəyərlə birlikdə qiymətləndirmək lazımdır.
Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli Crossmedia.az-a açıqlamasında bildirib ki, ixracın artması müsbət göstərici olsa da, əsas məsələ bu artımın nəyin hesabına baş verməsidir:
“Burada əsas məsələ ixracın artmasının nəyin hesabına baş verdiyini müəyyən etməkdir. Azərbaycanın ixracında ən böyük rəqəmlər 2010-cu illərdə, yəni neft qiymətlərinin yüksək olduğu dövrlərdə qeydə alınıb. Ölkəyə çox pulun daxil olması hələ iqtisadiyyatın yaxşı və sağlam olması anlamına gəlmir. Bu baxımdan ixracın strukturu çox böyük əhəmiyyət kəsb edir. Bu ilin 8 ayının göstəricilərinə görə, qeyri-neft sektorunda 18% artım müşahidə olunub. Artım dinamikası müsbət hal kimi dəyərləndirilsə də, qeyri-neft ixracının ümumi həcmi kiçik olduğu üçün bu temp mövcud iqtisadi problemlərin həllini təmin etmir. Burada da əsas sual ixracın tərkibidir: İxrac edilən məhsulların əlavə dəyəri nə qədərdir, onlar davamlı və rəqabətqabiliyyətlidirmi və ölkə daxilində davamlı məşğulluq yarada bilirmi? Yalnız ixracın çoxluğu və ya ticarət profisitinin olması iqtisadiyyatın tam yaxşı vəziyyətdə olduğunu göstərmir".

İqtisadçı qeyd edib ki, ixracın artması cari problemlərin həllinə imkan versə də, dayaqlı iqtisadiyyat üçün daha dərin islahatlar tələb olunur: "Qeyri-neft ixracının tərkibinə nəzər saldıqda, əsas payın xammal və aşağı əlavə dəyər yaradan məhsullara (kənd təsərrüfatı malları, pambıq ipliyi, qızıl) aid olduğu görünür. İqtisadiyyat Nazirliyi bu struktur problemlərinin öhdəsindən hələ də tam gələ bilmir. İdxalın azalmasına gəlincə, bunun əsas səbəbi dövlət investisiya qoyuluşlarının və xərcləmələrinin azaldılmasıdır. Dövlət xərcləmələri azaldıqca, ümumi iqtisadi aktivlik və istehlak da aşağı düşür. Eyni zamanda, gündəlik tələbat mallarından tutmuş minik vasitələrinə qədər bir çox sahədə xaricdən asılılığın davam etməsi narahatlıq doğurur. Ümumi şəkildə rəqəmlərə baxdıqda mövcud mənzərə müsbət görünsə də, iqtisadiyyatın keyfiyyət göstəriciləri daha böyük diqqət tələb edir”.
Zeynəb Həsən
15:00 15.09.2026
Oxunuş sayı: 53