İran parlamentinin spikeri: ABŞ-ın regiondakı bütün mərkəzləri legitim hədəf hesab ediləcək
İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf ABŞ prezidenti Donald Trampa sərt xəbərdarlıq edib. Onun sözlərinə görə, Vaşinqtonun atacağı mümkün addımlar regionda təhlükəsizliyə ciddi təhdid yarada bilər.
Crossmedia.az bu barədə xəbər verir. Qalibaf bildirib ki, ABŞ tərəfindən atılan rəsmi addımlardan sonra İran mövqeyini açıq şəkildə müəyyən edib. “Tramp bilməlidir ki, bu rəsmi tanınmadan sonra region üzrə bütün Amerika mərkəzləri və qüvvələri mümkün istənilən avantürist hərəkətə cavab olaraq bizim üçün legitim hədəflər hesab olunacaq”, – deyə İran parlamentinin spikeri vurğulayıb.
O qeyd edib ki, Tehran öz təhlükəsizliyini və milli maraqlarını qorumaq məsələsində qətiyyətlidir və hər hansı təhdidə adekvat cavab vermək hüququnu özündə saxlayır. Qalibafın açıqlaması regionda onsuz da gərgin olan geosiyasi vəziyyət fonunda ABŞ–İran münasibətlərində yeni eskalasiya riski kimi qiymətləndirilir.
Müşahidəçilərin fikrincə, bu bəyanat Tehranın Vaşinqtona ünvanladığı açıq siyasi mesaj olmaqla yanaşı, regiondakı ABŞ hərbi mövcudluğuna qarşı sərt mövqeyinin davam etdiyini göstərir.
Sevinc Yarməmmədova
23:12 02.01.2026
Oxunuş sayı: 1282