Nəsli təhlükə altında olan qırmızı marallar İstanbulda qorunaraq artırılır
Nəsli təhlükə altında olan qırmızı marallar İstanbulun Bahçeköy qəsəbəsində yerləşən Maral Yetişdirmə Stansiyasında mühafizə altında çoxaldılır. İndiyədək stansiyada ümumilikdə 286 qırmızı maral yetişdirilib, onlardan 212-si Türkiyənin müxtəlif bölgələrində təbiətə buraxılıb.
Crossmedia.az xəbər verir ki, fəaliyyət göstərən stansiyada ilkin olaraq Atatürk Meşə Təsərrüfatından gətirilən 3 dişi və 2 erkək damazlıq qırmızı maral ilə yetişdirmə işlərinə başlanılıb.
Qeyd edək ki, hazırda bu mərkəz Türkiyənin müxtəlif bölgələrində yaradılmış digər maral yetişdirmə stansiyalarını da damazlıq marallarla təmin edir.
Dünyanın ən iri maral növlərindən biri sayılan qırmızı marallar Türkiyədə əsasən Mərmərə, Orta və Qərbi Qara dəniz bölgələri ilə yanaşı, Mərkəzi Anadolunun bəzi meşəlik ərazilərində təbii şəkildə yayılıb. Erkək maralların budaqlı buynuzları olduğu halda, dişi fərdlər buynuzsuz olmaları ilə fərqlənir.
Yabanı xüsusiyyətlərin qorunmasına xüsusi diqqət yetirilir
Bahçeköy Maral Yetişdirmə Stansiyasında qırmızı marallar bioloji tələbatlarına uyğun, yırtıcı heyvanlardan qorunan mühitdə, müntəzəm sağlamlıq nəzarəti altında yetişdirilir. Onların yaşı, sağlamlıq vəziyyəti və genetik müxtəlifliyi daim izlənilir.
Mütəxəssislər maralların yabanı xüsusiyyətlərini itirməməsinə xüsusi önəm verir. İnsanlara alışmaları və evcilləşmələri təbiətə buraxıldıqdan sonra sağ qalma şanslarını azalda bilər. Bu səbəbdən baxım prosesi zamanı maralların insanla təmasının minimum səviyyədə saxlanılmasına çalışılır.
Mütəxəssislərin sözlərinə görə, maralların insanlara etibar etməsi onları ovçular üçün asan hədəfə çevirə, qidanın xaricdən verilməsinə alışmaları isə təbii mühitdə aclıq riski ilə üz-üzə qoya bilər. Bu amillər baxım prosesini çətinləşdirsə də, əsas prinsip olaraq qorunur.
Eyni zamanda, DKMP Baş İdarəsinə tabe olan digər maral yetişdirmə stansiyalarından Bahçeköyə gətirilən damazlıq marallar vasitəsilə genetik müxtəlifliyin artırılması da hədəflənir.
286 maral yetişdirilib, 212-si təbiətə buraxılıb
DKMP tərəfindən yetişdirilən qırmızı marallar yabanı həyatın dəstəklənməsi məqsədilə uyğun ərazilərə köçürülür. Bununla həm qırmızı maral populyasiyasının artırılması, həm də bioloji müxtəlifliyin qorunması məqsəd qoyulub.
Hazırda stansiyada 76 qırmızı maral saxlanılır. İndiyədək yetişdirilən 286 maraldan 212-si Kocaeli, Balıkesir, Gümüşhane, Çorum, Giresun, Afyon və Kahramanmaraş vilayətlərində təbiətə buraxılıb. Keçmiş illərdə yetişdirilən bəzi damazlıq marallar isə Ormanya Təbii Yaşam Parkına göndərilib.
Adaptasiya prosesləri izlənilir
Həmçinin, təbiətə buraxılan bütün marallara çip və qulaq nişanı taxılır. Bundan əlavə, bir maral peyk vasitəsilə işləyən GPS izləmə yaxalığı ilə müşahidə olunur.
Bu üsulla maralların adaptasiya prosesi, hərəkət trayektoriyası və davranışları yaxından izlənilir. Toplanan məlumatlar əsasında qırmızı maral populyasiyasının artırılması və yaşayış mühitlərinin bərpasına yönəlmiş “Yabanı Həyatın İdarəedilməsi Planı”nın hazırlanması planlaşdırılır.
Qeyd edək ki, təbiətə buraxılan qırmızı marallar fototələlər və dronlar vasitəsilə də görüntülənib. Kadrlarda maralların sərbəst hərəkət etməsi, qidalanması və təbii mühitdə davranışları əks olunub.
Fatimə Məmmədova
22:10 02.01.2026
Oxunuş sayı: 1172