Xarkov ballistik raketlərlə vurulub, xəsarət alanlar var
Yanvarın 2-də Rusiya qüvvələri Xarkov şəhərinə hava hücumu edərək, yaşayış məntəqəsini vurub. Şəhərə iki raket atılıb.
Crossmedia.az xəbər verir ki, Ukrayna Prezident Volodimir Zelenskinin sözlərinə görə, Rusiyanın Xarkova dəhşətli hücumu baş verib. İlkin olaraq iki raket atılıb və yaşayış məntəqəsi vurulub. Binalardan birinə ciddi ziyan dəyib.
Hadisə yerində xilasetmə əməliyyatı davam edir.
Xarkov vilayət Dövlət Administrasiyasının rəhbəri Oleq Sinequbovun sözlərinə görə, raket şəhərin "Kiyev" rayonunda beşmərtəbəli yaşayış binasına düşüb.
"Mərkəzi Xarkov, iki raket zərbəsi, ilkin ballistik raketlər, beşmərtəbəli yaşayış binasına birbaşa zərbələr", - Sinequbov deyib.
Raket zərbəsi yanğına səbəb olub.
Xarkov meri İqor Terexov bildirib ki, hücum nəticəsində ticarət mərkəzi də tamamilə dağılıb. Xarkovun mərkəzində çoxlu sayda yaşayış binası zədələnib.
"Hazırda qəzalı binaların elektrik enerjisi ilə təmin edilməsi və istiliyin bərpası istiqamətində iş aparırıq. Zərər böyükdür", - o deyib.
İstilik şəbəkəsinə və xəstəxanaya da ziyan dəyib.
Xarkov Vilayət Polis İdarəsindən bildirilib ki, Xarkovda raket zərbəsindən sonra 30 nəfər xəsarət alıb.
"Onların arasında altı aylıq uşaq da var. Xoşbəxtlikdən körpənin xəstəxanaya yerləşdirilməsinə ehtiyac yoxdur. Qalan yaralıların yaşları 20-79 arasındadır", - Sinequbov bildirib. O, bir qadının vəziyyətinin ağır olduğunu da söyləyib.
Yaşayış binasının dağıntıları altında insanların qaldığı güman edilir.(AZƏRTAC)
20:06 02.01.2026
Oxunuş sayı: 1256