Tramp İranı hədələyib
Bu gün ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” sosial media platformasında İranı təhdid edib.
Crossmedia.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, o bildirib ki, “Əgər İran rejimi dinc etirazçıları atəşə tutub öldürərsə, ABŞ onların köməyinə gələcək və hərəkətə keçməyə hazırdır”.
İranın müxalifət mediasına görə, ölkə miqyasında keçirilən etiraz aksiyalarında artıq 20-dən çox insan yaralanıb, bir neçə nəfər həyatını itirib.
İranın Ali Milli Təhlükəsizlik Şurasının sədri Əli Laricani Trampın açıqlamasına münasibət bildirərək, ABŞ-nin daxili işlərə müdaxiləsinin regionu sabitsizləşdirə biləcəyini və Amerikanın maraqlarına zərər verəcəyini qeyd edib. Laricani həmçinin Trampı xəbərdar edərək, başladığı macərada əsgərlərinin təhlükəsizliyini də düşünməli olduğunu vurğulayıb.
İran ali rəhbərinin müşaviri Əli Şəmxani də Trampın açıqlamasına cavab verib və bildirib ki, İranın təhlükəsizliyinə hər hansı müdaxilə cəhdi qəti şəkildə rədd olunur və nəticəsiz qalacaq. Şəmxani vurğulayıb ki, İranın milli təhlükəsizliyi siyasi şou və ya “avantürist tvitlər” üçün mövzu deyil və bu məsələ Tehran üçün qırmızı xətdir.
17:24 02.01.2026
Oxunuş sayı: 1759