ABŞ-nin Qafqaz siyasəti Azərbaycan ön plana çıxır: Səbəb açıqlandı
ABŞ-nin Azərbaycandakı səfirliyinin paylaşımında qeyd edilib ki, ABŞ sülh və rifahı irəli aparmaq və Cənubi Qafqazın iqtisadi potensialının üzə çıxarılmasını təşviq etmək üçün dəyərli strateji tərəfdaş kimi Azərbaycanla sıx əməkdaşlığı davam etdirməyə hazırdır.
Həmçinin Vaşinqtonda ABŞ və Azərbaycan hökumətlərinin yüksək vəzifəli nümayəndələri Prezident Trampın iştirakı ilə avqustun 8-də keçirilmiş tarixi Sülh Sammitində imzalanmış Anlaşma Memorandumunun icrasına başlamaq məqsədilə yaradılmış ikitərəfli işçi qrupunun ilk iclasını keçiriblər. Avqustun 8-də paraflanmış sülh müqaviləsindən sonra imzalanan tərəfdaşlıq müqavilələri tərəflərin sosial siyasətinin yaxşılaşmasına, regional məsələlərin həllinə təkan verəcək. Qafqazda sülhün bərqərar edilməsi yolunda atılmış ən böyük addım olan sülh müqaviləsinin paraflanması həmçinin strateji tərəfdaşlıq sahəsində də atılmış böyük addımdır. Bəs bu əməkdaşlıq hansı istiqamətlərdə olsa region üçün daha çox fayda verə bilər?
Məsələ ilə bağlı Milli Məclisin deputatı Hikmət Babaoğlu Crossmedia.az-a açıqlama verib:
"8 avqust 2025-ci il tarixində ABŞ ilə Azərbaycan arasında yeni, tarixi bir mərhələnin əsası qoyulub və hazırda əldə edilmiş razılaşmanın növbəti mərhələyə daşınmasının şahidi oluruq. Söhbət ABŞ ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinə dair memorandumun hazırlanması mərhələsindən gedir. Bu mərhələ ABŞ üçün nə qədər əhəmiyyətlidirsə, Azərbaycan üçün də eyni dərəcədə önəmlidir. Nəticə etibarilə, qlobal güc balansının pozulduğu mürəkkəb bir tarixi mərhələdə Azərbaycan yeni geosiyasi reallıqlar formalaşdırıb. Bu reallıqların iqtisadi dividendlərə çevrilməsi isə ABŞ-ın da birbaşa maraqlarına uyğundur".
Deputat, əlavə edib ki, məhz bu səbəbdən ABŞ-ın Qafqaz siyasətində artıq hər hansı başqa ölkə deyil, Azərbaycan ön plana çıxır: "Çünki bölgədə formalaşan reallıqları diktə edən əsas aktor məhz Azərbaycandır. Bütün bu amillər ABŞ–Azərbaycan münasibətlərinə yeni hüquqi və institusional keyfiyyət qazandırır. Bu isə müxtəlif sahələr və istiqamətlər üzrə hüquqi-siyasi sənədlərin hazırlanmasını zəruri edir. Hazırda müşahidə etdiyimiz proses də məhz bu reallıqlar fonunda ABŞ–Azərbaycan münasibətlərinin yenidən qiymətləndirilməsi və hüquqi müstəviyə uyğunlaşdırılması mərhələsidir. Şübhəsiz ki, bu proses yaxın perspektivdə iki ölkə arasında yeni və daha dərin strateji əlaqələrin formalaşmasına yol açacaq".
20:15 20.12.2025
Oxunuş sayı: 1030