Avropa Parlamenti regionda sülh və sabitliyə xələl gətirən qərəzli addımlardan çəkinməlidir - Deputat
Postmünaqişə dövründə regionda yeni reallıqlar formalaşsa da, bəzi beynəlxalq institutların Azərbaycana qarşı qərəzli mövqeyi dəyişməz olaraq qalır. Avropa Parlamentinin son illər ardıcıl şəkildə həyata keçirdiyi siyasi manipulyasiyalar və ikili standartlara əsaslanan yanaşması artıq sistemli qarayaxma kampaniyası xarakteri alıb. 18 dekabr tarixində qəbul edilən növbəti qətnamə də hüquq və ədalət prinsiplərinə deyil, siyasi sifarişlərə xidmət edən, Azərbaycanın daxili işlərinə müdaxilə məqsədi daşıyan sənədlər silsiləsinin davamıdır.
Bu cür yanaşmalar nə regionda sülhə töhfə verir, nə də Avropa Parlamentinin iddia etdiyi dəyərlərlə uzlaşır. Əksinə, sözügedən mövqe postmünaqişə mərhələsində əldə edilmiş real irəliləyişləri kölgə altına almaq və Cənubi Qafqazda sabitlik perspektivlərini zəiflətmək cəhdi kimi qiymətləndirilməlidir.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Nigar Məmmədova Crossmedia.az-a açıqlama verib:
"Avropa Parlamentinin qarayaxma kampaniyası postmünaqişə dövründə də səngimir. Qurumun Azərbaycana qarşı dekabrın 18-də qəbul etdiyi qətnamə də qərəzlidir. Milli Məclisin etiraz bəyanatında qeyd olunduğu kimi, saxta iddialar üzərində qurulan, konkret cinayət əməllərinə siyasi don geyindirən bu sənəd qanunun aliliyinə kölgə salmaq və məhkəmə proseslərinə kobud müdaxilə etmək üçün göstərilən növbəti uğursuz cəhddir.
İşğal dövründə heç vaxt Azərbaycanın ədalətli mövqeyini dəstəkləməyən Avropa Parlamenti 1 milyona yaxın soydaşımızın hüquqlarının pozulmasına, yüzlərlə şəhər və kəndlərimizin, tarixi, dini və mədəni abidələrimizin dağıdılmasına susub. Hətta açıq şəkildə Ermənistanın işğalçılıq siyasətinə dəstək verib. 44 günlük Vətən müharibəsi zamanı isə Azərbaycanın uğurlarını həzm edə bilməyən Avropa Parlamenti yenə ikili standartlar siyasətini rəhbər tutaraq, ölkəmizə qarşı çoxsaylı qətnamələr qəbul edib. Azərbaycanlılara qarşı çoxsaylı cinayətlər törədən qanunsuz silahlı quldur dəstələrini müdafiə etməyə çalışan AP müharibədən sonra yaranmış yeni reallıqları qəbul etmək istəmir. Bu destruktiv fəaliyyət də göstərir ki, Aİ daxilində sorosçu qüvvələr bölgədə yaranan sülh prosesinə xələl gətirmək istəyir. Azərbaycanla bağlı böhtan və qərəzin miqyasının artmasının da əsas səbəbi budur".
Deputat əlavə edib ki, Aİ ölkəmizin suverenliyi və ərazi bütövlüyünü pozan, daxili işlərinə müdaxilə edən, regionda sülh və sabitliyə xələl gətirən qərəzli addımlardan çəkinməlidir:
"Bu gün Aİ Ermənistanla birgə sülh prosesini, Vaşinqton razılaşdırmalarını pozmağa, öz ampluasında Paris və Brüssel gündəliyi formalaşdırmağa çalışır. Bu isə açıq şəkildə regionda yenidən ayırıcı xətlər çəkmək deməkdir. Rusiya–Ukrayna müharibəsinin fonunda Avropa İttifaqı nüfuzdan düşərək böyük siyasətdə təsirini itirməkdədir. Vaşinqtonun və regional aktorların dominantlığı İttifaqı kölgədə qoyur. Aİ isə bu və ya digər şəkildə mövcudluğunu sübut etməyə çalışır. Bu gün Aİ Azərbaycan və Ermənistan arasında normallaşma prosesini pozmaq niyyətindədir. Sərhəddə kəşfiyyat fəaliyyəti ilə məşğul olan “mülki missiya”nın da əsas məqsədi budur.
Lakin Avropa İttifaqı anlamalıdır ki, regionda sülh gündəliyinə zidd fəaliyyət əsla Azərbaycanı öz prinsipial mövqeyindən çəkindirə bilməz".
Ayhan
19:12 20.12.2025
Oxunuş sayı: 1079