ABŞ nəşri: Azərbaycan Vaşinqton üçün nadir strateji fürsətdir
Vaşinqtonun Cənubi Qafqazda mövqelərini gücləndirmək və ticarət inteqrasiyasını dərinləşdirmək üçün imkanı məhduddur və bu fürsət əbədi olmayacaq.
Crossmedia.az xəbər verir ki, The National Interest jurnalında Azərbaycanın ABŞ xarici siyasətində strateji roluna həsr olunmuş məqalə dərc edilib. Nəşr qeyd edir ki, Azərbaycan dünyanın ən qeyri-sabit regionlarından birində - Rusiya və İran arasında yerləşir və bu, onun geosiyasi əhəmiyyətini daha da artırır. Bakı Vaşinqtona ticarət, enerji təhlükəsizliyi və regional çəkindirmə sahələrində fayda verə biləcək nadir strateji imkan təklif edir.
Məqalədə bildirilir ki, Azərbaycan Rusiyanı və İranı kənardan keçən Avropa-Asiya quru marşrutu olan Orta Dəhlizin əsas hissəsinə nəzarət edir. Ölkə artıq Avropaya qaz tədarük edir, İsrail və Türkiyə arasında gərginliyin azalmasına töhfə verib və ABŞ üçün maraqlı olan Mərkəzi Asiyaya körpü rolunu oynayır. Xüsusilə nadir torpaq elementləri baxımından bu region Vaşinqtonun diqqət mərkəzindədir.
Yazıda ABŞ Prezidenti Donald Trampın Azərbaycanın rolunu gücləndirmək üçün addımlar atdığı qeyd olunur. ABŞ-ın Bakı ilə İrəvan arasında sülh danışıqlarında aparıcı vasitəçi olduğu, 8 avqust sammitinin isə Amerika diplomatiyasının mühüm uğuru sayıldığı vurğulanır. Sammit əsas mübahisəli məsələlərin həlli ilə bağlı vədlərlə nəticələnib. İndi əsas sual bunun ABŞ üçün daha geniş strategiyanın təməli olub-olmayacağıdır.
Nəşrə görə, ilk sınaqlardan biri TRIPP nəqliyyat dəhlizinin (“Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu”) reallaşdırılması olacaq. Layihənin qarşısında əsas maneə kimi Ermənistandakı daxili siyasi qeyri-sabitlik göstərilir. Bununla belə, ABŞ-ın İrəvana dəstək verməklə sülh prosesini möhkəmləndirə biləcəyi qeyd olunur.
Məqalədə hədəfli investisiyaların, xüsusilə Ermənistanın texnologiya sektoruna yönələn sərmayələrin post-münaqişə dövrünün iqtisadi üstünlüklərini göstərə biləcəyi bildirilir. Vurğulanır ki, sülh razılaşmaları məşğulluq və infrastruktur artımı ilə müşayiət olunduqda daha dayanıqlı olur.
Məqalədə qeyd olubub ki, İran TRIPP layihəsinin əsas rəqibi olaraq qalır və onu milli təhlükəsizliyinə təhdid kimi qiymətləndirir. Buna cavab olaraq Azərbaycan, o cümlədən İsraillə hərbi əməkdaşlığı dərinləşdirməklə çəkindirmə siyasətini gücləndirir. Analitiklərin fikrincə, yeni silah sistemləri Xəzər regionunda qüvvələr balansını dəyişə bilər.
İranın daxili problemləri fonunda nəşr Vaşinqtona İsrail və Azərbaycanla açıq strateji dialoqa keçməyi tövsiyə edir. Bildirilir ki, çəkindirmə yalnız koordinasiyalı və açıq şəkildə aparıldıqda effektiv olur.
Məqalədə vurğulanır ki, Rusiya və İranı kənardan keçən Mərkəzi Asiya ticarət marşrutlarının hamısı Azərbaycandan keçir. Bu da Bakını regionun mineral resurslarına çıxış üçün əsas həlqəyə çevirir və ABŞ-ın Çindən asılılığını azaltmağa imkan yaradır.
Nəşr həmçinin Azərbaycanın Türk Dövlətləri Təşkilatı və C6 formatı çərçivəsində əməkdaşlığı gücləndirdiyini, bunun isə ABŞ və İsrailin iştirakı ilə infrastruktur və təhlükəsizlik sahələrində daha geniş koordinasiya imkanları açdığını qeyd edir.
Yazının sonunda bildirilib ki, ABŞ Konqresini 907-ci düzəlişi ləğv etməyə çağırır və onu köhnəlmiş maneə adlandırır. Nəşrin qənaətinə görə, Şərq-Qərb dəhlizinin dayanıqlı fəaliyyəti, Ermənistan-Azərbaycan sülhü və İranın çəkindirilməsi Vaşinqton Bakını periferik oyunçu deyil, əsas tərəfdaş kimi gördüyü halda mümkün ola bilər.
Sevinc Yarməmmədova
14:37 20.12.2025
Oxunuş sayı: 1235