Deputat: Zəngəzur dəhlizinin açılışını sürətləndirməliyik
Ermənistanın Baş naziri Nikol Paşinyan rusiyalı tərəfdaşlarından bir sıra dəmir yolu xətlərinin təcili bərpasını xahiş etdiyini bildirib.
Məlumata görə, söhbət Yerasx (Arazdəyən) Naxçıvanla sərhədə qədər olan dəmir yolu xətti və Axurikdən Türkiyə ilə sərhədə qədər olan dəmir yolu xəttindən gedir.
Həmçinin, Paşinyan Qazax-İcevan dəmir yolu sahəsi ilə bağlı məsələni də gündəmə gətirməyi planlaşdırdığını qeyd edib və Rusiya tərəfdaşlarının bu müraciəti mümkün qədər tez həyata keçirəcəyinə ümid etdiyini vurğulayıb.
Son dövrlər Cənubi Qafqazda kommunikasiya xətlərinin açılması məsələsi yenidən regional və beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. Xüsusilə Ermənistanın Qazax–İcevan dəmir yolunun bərpasını müzakirəyə çıxarmaq niyyəti bu prosesin təkcə iqtisadi deyil, eyni zamanda siyasi və təhlükəsizlik aspektlərini də ön plana çıxarır. Uzun illər bağlı qalan bu dəmir yolu xətti Ermənistan–Azərbaycan münasibətlərinin gərgin fonunda sıradan texniki layihə olmaqdan çıxaraq regional əməkdaşlıq, qarşılıqlı etimad və nəqliyyat təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyan məsələ kimi dəyərləndirilir. Məsələ burasındadır ki, bu xəttin bərpası həm tərəflər üçün yeni imkanlar yarada, həm də mövcud riskləri özü ilə gətirə bilər.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Nəsib Məhəməliyev Crossmedia.az-a açıqlama verib:
"Qazax-İcevan dəmir yolunun bərpası, Azərbaycanla Ermənistan arasında birbaşa nəqliyyat əlaqələrinin qurulmasına imkan verir. Ermənistan üzərindən isə, Türkiyə, İran istiqamətlərində, eyni zamanda Qərb dövlətlərinə yük daşımaların sürətli və aşağı maya dəyərli daşınmasına şərait yaradır.
Aydındır ki, istənilən yol infrastrukturunun açılması, iqtisadi inkişaf, regional əməkdaşlığın sürətləndirilməsini, sosial, məşğulluq məsələlərinin həllini şərtləndirir. Qazax-İcevan yolunun açılması, hər iki tərəfə iqtisadi dividentlər, gətirməklə, Azərbaycanı nəqliyyat habına çevirəcək. Tranzit imkanlarını artıracaq.
Bu yol SSRİ dönəmində də tam şəkildə fəaliyyət göstərib. O zaman, Qazax rayonunun Bərxudarlı kəndi, (Azərbaycan Dəmir Yolunun tabeliyində olan, eyni adlı Bərxudarlı stansiyası) bizdə idi. Əfsuslar olsun ki, Bərxudarlı kəndi ermənilər tərəfindən işğal olundu, hələ də, geri qaytarılmayıb. Bu fakt həmin dəmir yolun açılması üçün, siyasi baxımdan maneçilik törədə bilər. Əminəm ki, yaxın zamanlarda sülh müqaviləsi imzalandıqdan sonra Bərxudarlı və Sofulu kəndləri Qazax rayonuna qaytarılar".
Deputat əlavə edib ki, bütün bunlarla yanaşı, biz daha çox Zəngəzur dəhlizinin tezliklə açılmasına fokuslanmalıyıq: "Ermənistan, Qazax-İcevan xəttinin açılmasını irəli çəkməklə vaxt qazana və Zəngəzur dəhlizinin arxa plana keçirilməsinə cəhd edə bilər. Erməni hiyləgərliyi tarixən müxtəlif variantlardan istifadə edib. Biz qalib ölkəyik və bütün şərtləri biz diqtə etməliyik. Zəngəzur dəhlizinin açılması, tək bizimçün yox, bütövlükdə Türk dünyası üçün strateji məsələdir. Ona görə də təkrar edirəm, bütün imkanlarımızı səfərbər etməli, Zəngəzur dəhlizinin açılışını sürətləndirməliyik".
Ayhan
13:05 20.12.2025
Oxunuş sayı: 1214