Müjdə: Zəngəzur dəhlizinin fəaliyyətə başlaması istiqamətində həm texniki, həm də siyasi addımlar atılır
Cənubi Qafqazda siyasi gərginliklərin davam etdiyi bir dövrdə Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyanın Azərbaycan istehsalı olan benzinin Ermənistana tədarükü ilə bağlı səsləndirdiyi açıqlama regionda iqtisadi əməkdaşlığın perspektivləri baxımından diqqət mərkəzinə düşüb. Nazir bildirib ki, bu tədarüklər davamlı və fasiləsiz şəkildə həyata keçiriləcək və Ermənistan hökuməti regionda qarşıdurma deyil, biznes və ticarət mühitinin formalaşdırılmasını prioritet hesab edir.
Papoyanın vurğuladığı kimi, iqtisadi əlaqələrin genişlənməsi yalnız enerji bazarında sabitliyə deyil, eyni zamanda tərəflər arasında etimadın artmasına və iqtisadi münasibətlərin normallaşmasına töhfə verə bilər. Məhz bu yanaşma fonunda Azərbaycan–Ermənistan arasında enerji və ticarət sahəsində mümkün əməkdaşlıq regional rifah və inkişafın əsas alətlərindən biri kimi dəyərləndirilir.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Müşviq Məmmədli Crossmedia.az-la öz fikirlərini bölüşüb:
"Artıq tam əminliklə söyləmək olar ki, avqust ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında Mətələmində keçirilmiş görüş, bu görüş çərçivəsində əldə olunan razılaşmalar, sülh müqaviləsinin paraflanması və dünyanın ən nüfuzlu aparıcı ölkələrindən birinin rəhbəri – Donald Trampın iştirakı ilə prosesin baş tutması regionun həyatında həqiqətən də möhtəşəm və inqilabi dəyişikliklərə yol açmaqdadır.
Artıq müşahidə edirik ki, gələcək sülh müqaviləsi üçün möhkəm təməllər formalaşdırılır, Zəngəzur dəhlizinin fəaliyyətə başlaması istiqamətində həm texniki, həm də siyasi addımlar atılır.
Ən mühüm məsələlərdən biri isə Azərbaycanın xoşməramlı mövqe nümayiş etdirərək tranzit istiqamətində mövcud məhdudiyyətləri aradan qaldırmasıdır ki, bu da yeni əməkdaşlıq formatlarının yaranmasına səbəb olmuşdur. Nəticə etibarilə, Azərbaycanın istehsal etdiyi müəyyən məhsulların Ermənistan istiqamətində yönləndirilməsi mümkün olmuş və bu, regional inteqrasiyanın real göstəricisinə çevrilmişdir.
Bu addımlar, bir tərəfdən, gələcək sülh müqaviləsi çərçivəsində qarşılıqlı etimadın artmasına xidmət edir, digər tərəfdən isə Azərbaycanın uzun illərdir təklif etdiyi regional iqtisadi inkişaf konsepsiyasının praktik reallaşmasıdır. Region ölkələrinin qarşılıqlı və bərabərhüquqlu əməkdaşlığı bu baxımdan xüsusi əhəmiyyət kəsb edir".
Deputat, həmçinin bu istiqamətdə Azərbaycan, Gürcüstan və Ermənistanın, eləcə də regionda yerləşən digər qonşu dövlətlərin əməkdaşlığını bütün xalqların rifahının yüksəlməsinə zəmin yaradacağını qeyd edib:
"Ən başlıcası isə ondan ibarətdir ki, Azərbaycan sülh gündəminə nə dərəcədə ciddi yanaşdığını bir daha sübut etdi və regionda sülhün formalaşdırılmasında aparıcı “driver” ölkə rolunu məhz Azərbaycanın oynadığı bir daha təsdiqlənmiş oldu".
Elmir Heydərli
13:00 20.12.2025
Oxunuş sayı: 1350