Prezident İlham Əliyevin uğurlu siyasəti Azərbaycanın güclü mövqeyini təmin edib - Deputat
Azərbaycan bu gün həm regionda, həm də beynəlxalq səviyyədə güclü mövqeyə malik ölkə kimi tanınır. Bu uğurun əsas səbəbi isə Prezident İlham Əliyevin strateji və uğurlu siyasətidir. Onun rəhbərliyi ilə ölkədə sabitlik təmin olunmuş, iqtisadi və sosial inkişaf sürətlənmiş, həmçinin ərazi bütövlüyümüz tarixi Zəfərlə bərpa edilmişdir.
Bu barədə Crossmedia.az-a Milli Məclisin deputatı Pərvanə Vəliyeva açıqlama verib. O bildirib ki, Azərbaycan bu gün sabitlik və təhlükəsizlik adasına çevrilib və bunun səbəbkarı məhz Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətidir: "İlham Əliyev onilliklərlə davam edən işğala son qoyaraq, beynəlxalq hüquq çərçivəsində ölkənin suverenliyini və ərazi bütövlüyünü bərpa etmiş, regionda yeni reallıq yaradıb. 44 günlük Vətən müharibəsində tarixi Zəfər əldə edən Ali Baş Komandan uğurlu diplomatik addımları ilə sülhü də təmin edib".
P.Vəliyeva əlavə edib ki, Prezidentin daxili siyasəti dövlət idarəçiliyinin təkmilləşdirilməsi, institusional islahatlar, sosial rifahın artırılması, regionların inkişafı və infrastruktur layihələrinin genişləndirilməsi istiqamətində davam edir. Eyni zamanda, iqtisadi siyasət neft-qaz gəlirlərinin səmərəli idarə olunması, qeyri-neft sektorunun inkişafı və beynəlxalq enerji layihələrində iştirakla xarakterizə olunur: "İlham Əliyev Silahlı Qüvvələrin modernləşdirilməsi, hərbi kadrların hazırlanması və müdafiə qabiliyyətinin gücləndirilməsi sahəsində mühüm addımlar atıb. Vətən müharibəsi zamanı informasiya müharibəsinin əsas siması kimi çıxış edərək, Azərbaycanın haqq mövqeyini beynəlxalq auditoriyaya çatdırıb".
O qeyd edib ki, Prezident təhsil, səhiyyə, mədəniyyət və idman sahələrinin inkişafını prioritet kimi saxlayır, mədəni irsin qorunması və gənclər siyasəti də dövlət siyasətinin əsas istiqamətlərindədir: "İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan siyasi sabitlik, iqtisadi inkişaf və beynəlxalq nüfuz baxımından güclü mövqeyə malikdir və onun fəaliyyəti dövlətçiliyin davamlılığı üçün mühüm əhəmiyyət daşıyır".
Mehriban İbrahimli
17:17 19.12.2025
Oxunuş sayı: 1010