Azərbaycan–Türkiyə hərbi əməkdaşlığı qardaşlıq münasibətlərinə söykənir - Ekspert
Azərbaycanla Türkiyə arasında sarsılmaz qardaşlıq və strateji müttəfiqlik münasibətləri çərçivəsində hərbi sahədə əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində yüksək səviyyəli dialoq davam edir. İki qardaş ölkə arasında qarşılıqlı inam və etimada əsaslanan bu əməkdaşlığın yeni mərhələyə yüksəldilməsi məqsədilə 17-ci Azərbaycan–Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclasında iştirak etmək üçün Bakıda rəsmi səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının 2-ci rəisi, ordu generalı Levent Ergünün rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov tərəfindən qəbul olunub. Bu səfər çərçivəsində tərəflər hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın mövcud vəziyyətini və gələcək inkişaf perspektivlərini müzakirə etməyi planlaşdırır.
İki ölkə arasında hərbi genişləndirilməsinin üstünlükləri ilə bağlı hərbi ekspert İbrahim Rüstəmli Crossmedia.az-la öz fikirlərini bölüşüb: "Azərbaycanda ordu quruculuğu prosesinə 1992-ci ilin əvvəllərindən başlanılmışdır və ötən dövr ərzində Azərbaycan Ordusu ciddi uğurlara və mühüm yeniliklərə nail olmuşdur. Bu yeniliklərin əsasını sistemli inkişaf, peşəkar yanaşma və təcrübə mübadiləsi təşkil edir. Məhz bu kontekstdə beynəlxalq əməkdaşlıq və hərbi sahədə təcrübə paylaşımı xüsusi əhəmiyyət kəsb edir. Son illər ərzində Azərbaycan 30-dan artıq dövlətlə ikitərəfli və çoxtərəfli hərbi əməkdaşlıq əlaqələri qurmuşdur. Bu ölkələr sırasında inkişaf etmiş orduları ilə tanınan dövlətlər az deyil. Onların içərisində isə Azərbaycan üçün ən önəmli və ən yaxın tərəfdaş qardaş Türkiyə Respublikasıdır. İmzalanmış sənədlərin həm strateji, həm də taktiki baxımdan əhəmiyyəti hər iki dövlət üçün olduqca böyükdür. Azərbaycanla Türkiyəni yaxınlaşdıran yalnız milli və mənəvi dəyərlər deyil, eyni zamanda siyasi, iqtisadi və coğrafi amillərdir. Xüsusilə Türkiyənin uzun illər ərzində apardığı antiterror əməliyyatları nəticəsində topladığı zəngin hərbi təcrübə bizim üçün mühüm nümunədir. Ümumiyyətlə, Türkiyə Respublikasının dövlətçilik və ordu quruculuğu ənənələri tarixin dərin qatlarına, eramızdan əvvəlki dövrlərə qədər uzanır. Bu baxımdan Azərbaycanın Türkiyə təcrübəsindən öyrənməli olduğu və faydalana biləcəyi çoxsaylı məqamlar mövcuddur. Azərbaycan Ordusu da döyüş meydanlarında formalaşmış bir ordudur və onun yaranması və inkişafı yolunda ciddi maneələr olmuşdur".
Müsahibimiz xatırladıb ki, 1990-cı illərin əvvəllərində ölkədə dərin və idarə olunan xaos hökm sürürdü: "Bu xaos yalnız silahlı qüvvələrin quruculuğu sahəsində deyil, eyni zamanda iqtisadi, siyasi və sosial-mədəni sahələrdə də özünü açıq şəkildə göstərirdi. Bu vəziyyətin yaranmasında Azərbaycana qarşı maraqları olan xarici qüvvələrin xüsusi xidmət orqanlarının fəaliyyəti də mühüm rol oynamışdır. Buna baxmayaraq, 44 günlük Vətən müharibəsi bir daha sübut etdi ki, Azərbaycan dövləti və ordusu formalaşma istiqamətində böyük uğurlar əldə etmişdir. Bu qələbə ordu quruculuğunun düzgün strategiya əsasında aparıldığını bütün dünyaya nümayiş etdirdi. Azərbaycanın 30-dan çox dövlətlə hərbi əlaqələri mövcuddur və bu əlaqələr içərisində xüsusi əhəmiyyət daşıyan yenə də Türkiyə Respublikasıdır. Siyasətdə təmənnasız münasibətlərin nadir hallarda mümkün olduğunu nəzərə alsaq, bu baxımdan Türkiyənin və onun Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Azərbaycana göstərdiyi səmimi və qardaş dəstəyi xüsusilə qeyd olunmalıdır. Azərbaycan Ordusunun Türkiyə Ordusundan öyrənməli olduğu çoxsaylı sahələr mövcuddur. Buraya hərbi təhsil sistemi, xüsusi təyinatlı qüvvələrin hazırlanması, kadr potensialının məqsədyönlü şəkildə formalaşdırılması, hərbi hissələrin optimal yerləşdirilməsi və digər mühüm istiqamətlər daxildir".
Ekspert həmçinin Silahlı Qüvvələrin quruculuğu sahəsində Azərbaycan–Türkiyə əməkdaşlığının gündən-günə genişlənməsi ordumuz üçün mühüm töhfələr verəcəyini qeyd edib: "Bu əməkdaşlıq yeni təhsil metodlarının tətbiqinə, kadr potensialının gücləndirilməsinə, maddi-texniki bazanın müasir tələblərə uyğunlaşdırılmasına və ümumilikdə ordunun inkişafına ciddi təsir göstərəcək. İnsan amili ordu quruculuğunda əsas faktorlardan biridir. Bu məsələ 44 günlük Vətən müharibəsi zamanı xüsusi təyinatlı qüvvələrin timsalında açıq şəkildə özünü göstərdi. Yaralı döyüş yoldaşını döyüş meydanından çıxaran, son nəfəsinə qədər mübarizəni davam etdirən məhz yüksək mənəvi-psixoloji hazırlığa malik hərbçilər idi. Azərbaycan–Türkiyə əlaqələrinin genişlənməsi ilk növbədə Azərbaycan Ordusunun formalaşmasında öz əksini tapır. Bu proses iki qardaş xalq arasında münasibətlərin daha da möhkəmlənməsinə xidmət edir. Bu əməkdaşlıq yeni standartların tətbiqinə, yeni baxış və yanaşmaların formalaşmasına, təhsilin daha məhsuldar və intellektual səviyyəyə yüksəlməsinə imkan yaradacaq. Ordu cəmiyyətin strateji əhəmiyyətə malik əsas sütunlarından biridir və daim islahatlar tələb edir. Bu baxımdan keçirilən genişmiqyaslı təlimlər və hərbi məşqlər mühüm rol oynayır. Ordu böyük bir məktəbdir və dövlətin təhlükəsizliyinin əsas təminatçısıdır. Sevindirici haldır ki, Azərbaycan dövləti, xüsusilə Ali Baş Komandan, Prezident İlham Əliyev cənablarının rəhbərliyi altında ordu quruculuğu məsələsinə daim prioritet yanaşılır. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ideoloji xətt bu gün də uğurla davam etdirilir və dövlət büdcəsindən orduya ayrılan vəsaitin ildən-ilə artırılması bunun bariz nümunəsidir. Nəticə etibarilə, Azərbaycan–Türkiyə hərbi əməkdaşlığı ordumuzun inkişafına əsaslı təkan verən səmimi və qardaşlıq münasibətlərinə söykənir. Ordumuz daim güclənməli, inkişaf etməlidir ki, heç bir düşmən bir an belə özünü Azərbaycan dövlətindən və ordusundan üstün hesab etməsin. Bu isə daimi diqqət, ardıcıl islahatlar və məqsədyönlü investisiyalar tələb edir. Şükürlər olsun ki, dövlətimiz bu istiqamətdə qətiyyətli siyasət yürüdür".
11:48 19.12.2025
Oxunuş sayı: 5019