Deputat: Avropa Parlamentinin qətnaməsi faktiki əsassız və hüququn aliliyinə ziddir
Avropa Parlamentinin dünən qəbul etdiyi qətnamə faktiki əsassız və özlüyündə hüququn aliliyinə ziddir.
Crossmedia.az xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov parlamentin bugünkü plenar iclasında deyib.
“Birincisi, bu qətnamə tamamilə qərəzli, əsassız və ikili standartlara əsaslanan bir sənəddir. O, erməni lobbisinin təsiri altında hazırlanmışdır, Azərbaycanın milli təhlükəsizliyi ilə bağlı qanuni qərarlarını dırnaq arası “siyasi repressiya” kimi təqdim etməyə çalışır. Dövlətə xəyanət kimi ağır cinayətlərdə ittiham olunan şəxslər haqqında belə bir parlamentin siyasi qiymət verməsi qəbuledilməzdir.
İkincisi, bu qətnamə Azərbaycanın dövlət suverenliyinə açıq müdaxilə cəhdidir. Beynəlxalq hüququn əsas prinsipi açıq şəkildə qeyd edir ki, heç bir dövlət və ya beynəlxalq təşkilat başqa dövlətin daxili yurisdiksiyasına aid məsələlərə qarışa bilməz. Ona görə də istənilən davam edən cinayət işi ilə bağlı beynəlxalq təşkilatının qəbul etdiyi siyasi qərar istintaqın gedişinə qanunsuz təsir cəhdidir və məhkəmənin müstəqilliyinə hörmətsizlikdir.
Üçüncüsü, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmayan, 30 illik erməni işğalı ilə bağlı heç bir fəaliyyəti olmayan və 2-ci Qarabağ müharibəsindən sonra Azərbaycana qarşı əsassız və saxta ittihamlar səsləndirən, 2023-cü ildəki anti-terror tədbirlərinə “etnik təmizləmə” kimi qiymət verən Avropa Parlamentinin qətnamələrinin heç mənəvi əsası da ola bilməz”, - deyə o bildirib.
Millət vəkilinin sözlərinə görə, əgər Avropa Parlamenti səmimi olaraq insan hüquqlarına və beynəlxalq hüquqa hörmətlə yanaşsaydı, Ermənistandan kütləvi formada deportasiya edilmiş və etnik təmizləməyə məcbur qalmış qərbi azərbaycanlıların hüquqlarına, Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə cinayətləri və soyqırımlarla ilə bağlı, erməni minalarından həlak olan jurnalistlər və sivil vətəndaşların hüquqları ilə bağlı danışardı və fəaliyyət göstərərdi.
“Ona görə də Azərbaycan xalqı Avropa Parlamentinin riyakarlığını çox yaxşı anlayır və görür. Azərbaycan xalqının heç bir kənar beynəlxalq təşkilata etimadı yoxdur, rəhbər şəxsləri və üzvləri korrupsiya ittihamı ilə həbs edilən Avropa Parlamentinin bütövlüyü çoxdan pozulub.
Avropa Parlamentinin üzvləri o qədər reallıq hissini itiriblər ki, qəbul etdikləri kağız parçasında sanksiyalarla hədələmək, əməkdaşlığı şərtləndirmək cəhdləri var.
Amma unudurlar ki, Azərbaycan bu gün regionun ən güclü, müstəqil və sürətlə inkişaf edən dövlətidir. Hər kəss şahddir ki, böyüklüyündən və strateji rolundan asılı olmayaraq biz heç kimin təzyiqinə boyun əymirik. Əksinə, Avropa İttifaqının bir çox üzv ölkələri Azərbaycanla strateji tərəfdaşlığı dərinləşdirməkdə maraqlıdır – çünki bu, qarşılıqlı hörmətə və real maraqlara əsaslanır. Avropa İttifaqına 10 üzv ölkə ilə Azərbaycanla strateji tərəfdaşlıqla bağlı bəyannamə imzalayıb.
Ona görə də bizim Avropa İttifaqına üzv ölkələr və Avropa Parlamenti ilə münasibətlərimiz arasında böyük fərq var. Bu fərq isə Avropa Parlamentinin doğru yolda olmadığını, Avropada yaşayan xalqalarının maraqlarını düzgün təmsil etmədiyini göstərir.
Biz yolumuzda davam edəcəyik, Azərbaycan xalqının maraqlarını, dövlətçiliyimizi istənilən platformada qoruyacağıq, möhkəmləndirəcəyik. Regionda sülhü, əməkdaşlığı təmin edəcəyik.
Azərbaycan hər zaman dialoqa açıqdır, amma bu dialoq bərabərhüquqlu və qarşılıqlı hörmət çərçivəsində olmalıdır.
Heç bir təzyiq, heç bir qərəzli qətnamə Azərbaycan xalqını haqq yolundan döndərə bilməyəcək”, - deyə o qeyd edib. (Trend)
11:32 19.12.2025
Oxunuş sayı: 1609