"Crocus" hadisəsi: Terror aktına dair yeni detallar
"Crocus City Hall" konsert zalında dəhşətli terror aktını törədənlər, ehtimal ki, Rusiyadan kənarda geniş təlim keçiblər.
Crossmedia.az xəbər verir ki, məhkəmə iştirakçılarından biri bu barədə TASS-a bildirib.
O deyib ki, bütün hücumçuların Türkiyə və Əfqanıstanda yerləşən terrorçu bazalarında təlim keçdiyi güman edilir.
Agentliyin mənbəsi qeyd edib ki, müttəhim Şəmsidin Fariduni mahir atıcıdır. Müstəntiqlərin, həmçinin yaraqlıların hücumu həyata keçirmək üçün iki ayrı briqadada təlim keçdiyini və sonradan vahid qrupa birləşdirildiyini düşünməyə əsasları var.
Məhkəmədə təqdim edilən məlumata görə, Fariduni İŞİD-ə qoşulmaq üçün əvvəlcə Türkiyədəki bazadan Əfqanıstanın Xorasan vilayətinə keçməli idi. Lakin qışda dağ yolu keçilməz olduğundan, o, "Crocus"a hücuma hazırlaşmaq üçün göndərilib.
Müstəntiqlərin fikrincə, Fariduni qalan qrup üzvlərini Rusiyada toplayıb, konsert zalında şəxsən kəşfiyyat aparıb və silahların alınmasına rəhbərlik edib.
Fariduni məhkəmədə təsdiqləyib ki, terror aktının təşkilatçıları cinayətkarlara bir milyon rubl mükafat vəd ediblər. Hücumdan sonra yaraqlılar razılaşmaya əsasən, pulu almalı olduqları Ukraynaya tərəf gediblər.
Ölkəni şoka salan hücum 2024-cü il martın 22-də baş verib. Silahlı cinayətkarlar binaya basqın edərək insanlara atəş açıb, auditoriyanı yandırıblar. İstintaq Komitəsi 149 nəfərin öldüyünü, bir nəfərin itkin düşdüyünü, 609 nəfərin yaralandığını bildirib. Hücum nəticəsində dəyən zərərin 6 milyard rubl olduğu bildirilib. (Oxu.az)
11:40 19.12.2025
Oxunuş sayı: 1135