Zəfər seçkisi və yeni inkişaf mərhələsi - Deputat
Azərbaycan son illərdə həm siyasi, həm də iqtisadi baxımdan mühüm bir inkişaf mərhələsinə daxil olub. Ölkədə keçirilən ümummilli siyasi proseslər dövlət suverenliyinin tam bərpası fonunda reallaşıb və yeni reallıqlar yaradıb. Uzunmüddətli liderlik dövründə iqtisadi sabitlik təmin olunaraq davamlı artım üçün möhkəm əsaslar formalaşıb.
Bu barədə Milli Məclis deputatı Vüqar Bayramov Crossmedia.az-a açıqlamasında bildirib ki, 2023-cü ilin dekabr ayında Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilərək, müstəqillik dövründə ilk dəfə ölkəmizin bütün ərazilərində səsvermə təşkil olundu: "Bu hadisə Azərbaycan tarixinə zəfər seçkisi kimi daxil oldu.
İlham Əliyevin 22 illik prezidentliyi dövrü Azərbaycan iqtisadiyyatında sürətli artım, inkluziv və balanslı inkişaf mərhələsi kimi xarakterizə olunur. Son 22 ildə Azərbaycan iqtisadiyyatı 4 dəfədən çox böyüyüb, icmal büdcənin gəlirləri 15 dəfə, xərcləri isə 18 dəfə artıb. Bu müddət ərzində dövlət büdcəsinin gəlirləri 30 dəfə yüksəlib. Azərbaycan üçün mühüm əhəmiyyət daşıyan strateji valyuta ehtiyatları isə 2 milyard dollardan 80 milyard dollara çatıb. Əldə olunan uğurlar yeni dövrdə iqtisadi islahatların dərinləşdirilməsi ilə daha da möhkəmlənməkdədir.
Bu dövr eyni zamanda Azərbaycanın xarici siyasətdə çoxsaylı uğurlara imza atması ilə yadda qalıb. Türk dünyası və Şərq ölkələri ilə əlaqələrini gücləndirən Azərbaycan üçün ABŞ-də daxil olmaqla Qərb dövlətləri ilə tərəfdaşlığın dərinləşdirilməsi daha da prioritetləşib.
Çoxvektorlu xarici siyasət ölkənin geosiyasi mövqeyini daha da möhkəmləndirir".
Türkan Kərimli
14:30 18.12.2025
Oxunuş sayı: 1492