Kremli "don vurur"?: Avropanın Rusiya qazından tam imtinası mümkündür
Avropa İttifaqının (Aİ) 2027-ci ilə qədər Rusiya qazından tam imtina etmək hədəfi artıq uzun müddətdir gündəmin əsas mövzularından biridir. Ukrayna müharibəsindən sonra enerji təhlükəsizliyini prioritet elan edən Aİ həm siyasi, həm də texniki baxımdan bu istiqamətdə ciddi addımlar atır. Son üç ildə görülən tədbirlər Avropanın Rusiyadan enerji asılılığını minimuma endirib və ittifaqın bu strategiyanı tam reallaşdırmaq niyyətinin real olduğunu göstərir. Alternativ mənbələrin artırılması, yeni qaz marşrutlarının formalaşdırılması və xüsusilə LNG təchizatının genişləndirilməsi isə bu prosesin əsas dayaqlarıdır. Bu kontekstdə, Avropanın qarşıdakı illərdə hansı mənbələrdən qaz əldə edə biləcəyi və 2027 hədəfinə nə dərəcədə çatacağı aktuallığını qoruyan suallardandır.

Mövzu ilə bağlı siyasi şərhçi Aydın Quliyev Crossmedia.az-a açıqlama verib:
"Avropanın Rusiya qazından imtinası artıq bir strategiyaya çevrilib. 2022-ci ildə Ukraynaya müdaxilə başlayandan bu məsələ Avropanın ən intensiv işlədiyi istiqamətlərdən biri olub. Təsadüfi deyil ki, “Şimal Axını” kəməri, demək olar, fəaliyyət göstərə bilmədi və Avropa bu xəttlə gələn qazdan tamamilə imtina etdi. Üç il ərzində aparılan ardıcıl siyasət nəticəsində bu gün Avropanın Rusiya qazından asılılığı minimuma enib. Ukrayna müharibəsindən əvvəl Avropanın Rusiya qazından asılılığı 45% təşkil edirdisə, hazırda bu rəqəm 10–12% civarındadır. Bu pay əsasən Slovakiya, Macarıstan və Avstriyanın payına düşür".
Ekspert qeyd edib ki, digər ölkələrin isə demək olar, hamısı Rusiya qazından imtina edib: "Həmin üç ölkənin alternativ imkanları hələ tam formalaşmadığı üçün, Aİ-nin digər üzvlərinin də müəyyən anlayışlı mövqeyi fonunda Rusiya qazından istifadəyə qismən davam edirlər. Hətta ABŞ Prezidenti Donald Tramp özü də Avropanı Rusiya qazından tam imtinaya çağırsa da, məhz bu üç ölkənin mövcud vəziyyətini müəyyən qədər məqbul sayır. Artıq Avropanın ümumi asılılığı minimuma düşdüyü üçün, demək olar ki, yalnız bu üç ölkənin maraqlarına görə Aİ-də Rusiya qazından istifadə tam sıfırlanmayıb. Mövcud tendensiyaya baxaraq, demək olar ki, yaxın 1–2 ildə Avropa bu strategiyasını tam reallaşdıra biləcək. Bununla paralel olaraq, Rusiya qazına alternativlərin genişləndirilməsi istiqamətində də işlər görülür. Azərbaycan qazının Avropaya tədarükü artırılır. Eyni zamanda Norveç, İsrail və Afrika ölkələrindən Avropaya qaz ixracı da prioritet məsələlərdən biri kimi dəyərləndirilir.
Bir sözlə, Avropanın Rusiya qazından tam imtinası mümkündür — yetər ki, Aİ ölkələri sonadək vahid iradə nümayiş etdirə bilsinlər".
Ayhan
12:23 12.12.2025
Oxunuş sayı: 1313