Azərbaycan diplomatiyasının yeni mərhələsi: uğurlar və onlara qarşı reaksiyalar
2020-ci il Vətən müharibəsindən sonra – Azərbaycan diplomatiyası regionun, elə həm də dünyanın ən dinamik və nəticəyönümlü diplomatiyalarından birinə çevrilib. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük müharibə nəticəsində ölkə öz ərazi bütövlüyünü bərpa etdi, 2023-cü ilin sentyabrındakı antiterror tədbirlərindən sonra isə suverenliyini bütün ərazisində təmin etdi. 2024-cü ilin noyabrında Azərbaycan dünyanın ən böyük iqlim tədbiri olan COP29-a uğurla ev sahibliyi edərək qlobal səviyyədə nüfuzunu yeni zirvəyə qaldırdı. Bu nüfuzun qazanılması atılan düzgün diplomatik addımların gözlənilən nəticələri idi. Bu addımlar dövlətimizin nəinki regionda, dünyada da nüfuzunu artırdı və etibarlı tərəfdaşa çevirdi. Necə deyərlər beynəlxalq tribunalardan xalqımızın ədalət çağırışı öz nəticəsini vermədikdə Azərbaycan regiondakı ədaləti bərpa etdi. Hazırda isə ölkəmiz regional sülhün təmin edilməsində çıxış edən əsas tərəfdir.
COP29-un Bakıda keçirilməsi Azərbaycan Prezidentinin rəhbərliyi altında bütöv diplomatiyamızın uğuru idi. Burada diplomatlarımızın, Xarici İşlər Nazirliyinin də fəaliyyətini qeyd etməmək ədalətsizlik olar. Azərbaycan 2023-cü ilin dekabrında Dubayda keçirilən COP28-də konsensusla namizədliyini irəli sürmüş, Şərqi Avropa qrupu daxilində yekdil dəstək almışdı. Tədbirə isə bütün qaralama kampaniyalarına rəğmən 198 ölkədən 80 mindən çox nümayəndə qatıldı, 60-dan çox dövlət və hökumət başçısı Bakıya gəldi. Nəticədə “Bakı Bağlantısı” (Baku Connection) kimi tarixə düşən enerji keçidi mexanizmi yaradıldı, itkilər və zərərlər fondu operativləşdirildi, Azərbaycan 2025-ci il üçün Troika üzvlüyünə seçildi və 2026-cı ilə qədər iqlim maliyyələşməsi ilə bağlı qlobal proseslərdə birbaşa söz sahibi oldu.
Bu uğurların ardınca gələn spekulyativ kampaniyalar, dezinformasiya təxribatları da təsadüfi deyildi. 2024-cü ilin sonu – 2025-ci ilin əvvəlindən etibarən xarici mediada və sosial şəbəkələrdə yüksək rütbəli diplomatların, Xarici İşlər Nazirliyinin ünvanına yönələn ittihamlar, qaralama kampaniyaları məhz Vətən müharibəsindəki qələbimizdən, COP29-dakı uğurumuzdan sonra daha çox intensivləşdi. Eyni dairələr əvvəllər də oxşar dalğalar yaratmışdı. Yəni hər dəfə Azərbaycanın böyük diplomatik qələbəsindən sonra bu cür qarayaxmalar baş vermişdi... Bu dəfə isə hücum çox kütləvi və geniş oldu. Bu addımlar və radikal çağırışlara qarşı Azərbaycan XİN-in, diplomatlarımızın çalışmaları onları ifşa edirdi. Nəticədə xaricdə "müxalifətçilik" oyunları oynayan qaraguruh istəyinə çata bilmədi, Azərbaycan diplomatiyasının fəaliyyətinin üzərinə kölgə sala bilmədi. Ölkəmizdə keçirilən beynəlxalq tədbirlərdə ev sahibliyimiz, xaricdə keçirilən beynəlxalq tədbirlərdə iştirakımız özü bu qruplara verilən ən dolğun cavab idi.
XİN-in Beynəlxalq İnkişafa Yardım Agentliyinin fəaliyyəti də xüsusi qeyd edilməlidir. Bu agentlik vasitəsilə Azərbaycan dünyanın inkişaf etməkdə olan ölkələri, çətin situasiyalarda olan xalqları üçün ciddi kompaniyalar və dəstək aksiyaları gerçəkləşdirir. Azərbaycanı və onun nəhəng fəaliyyətini bəyənməyən sapı özümüzdən olan baltalar bunları görmürlər. Çox maraqlıdır ki, xalq üçün heç bir iş görməyənlər, qlobal fəaliyyət göstərən, təhsilə, mədəniyyətə, sosial rifaha xidmət edən, beynəlxalq kompaniyalarda ön sıralarda qərar tutan agentliyi və onun rəhbərini hədəf alırlar. Xüsusilə Afrikada "özünü inkişaf etmiş dövlət" adlandıran ölkələrin müstəmləkəsi altında əziyyət çəkən, inləyən xalqlara, dövlətlərə dəstək göstərən agentliyin söyüş dəstəsi tərəfindən hədəfə alınması təsadüfi sayılmamalıdır. Xalq adından danışan bu qaragüruhun Agentliyin fəaliyyətinə obyektiv yanaşması susması üçün yetərli arqumentdir.
Həmçinin bu hücumlar Azərbaycan diplomatiyasının nə qədər effektiv olduğunu da təsdiqləyir. Çünki:
* Azərbaycan Cənubi Qafqazda sülh gündəliyini diktə edən tərəfə çevrilib – delimitasiya prosesi davam edir, 2025-ci ilin noyabrına qədər sülh müqaviləsinin imzalanması real görünür.
* Avropa İttifaqı ilə strateji tərəfdaşlıq sazişi üzrə danışıqlar sürətlənir, enerji təhlükəsizliyi sahəsində Azərbaycan artıq Avropanın əvəzolunmaz tərəfdaşıdır (2024-cü ildə qaz ixracı 12 milyard kubmetrə çatmışdı, 2025-ci il üçün 13-14 milyard planlaşdırılır).
* Türk Dövlətləri Təşkilatında, İslam Əməkdaşlıq Təşkilatında, Qoşulmama Hərəkatında Azərbaycanın təşəbbüsləri qəbul olunur.
* 2025-ci ilin ilk aylarında BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizədliyini irəli sürməsi də rəsmi olaraq açıqlanıb – bu, 2012-2013-cü illərdəki uğurlu üzvlüyümüzdən sonra ikinci dəfə olacaq.
Beləliklə, Azərbaycan diplomatiyası artıq reaktiv deyil, proaktiv xarakter daşıyır. Xarici İşlər Nazirliyi və onun rəhbərliyi milli maraqları qorumaqla yanaşı, regionda və qlobal miqyasda yeni reallıqlar yaradır. Bu reallıqlar isə xaricdəki söyüş kampaniyası həyata keçirənləri narahat edir və onlar spekulyasiyalarla, qarayaxmalarla reallığı dəyişdirməyə çalışırlar.
Azərbaycanın peşəkar diplomat ordusu isə cavabı masada verir: daha çox təşəbbüs, daha çox nəticə, daha çox nüfuz.
22:20 18.11.2025
Oxunuş sayı: 1447