Almaniyada Yeni il yarmarkasında türk şorbasının nümayişinə icazə verilmədi
Almaniyanın Heydelberq şəhəri yaxınlığında yaşayan mühacir bu il təşkil olunacaq ənənəvi Yeni il yarmarkasında türk şorbalarını təqdim etmək istəyib. Lakin o, gözlənilməz bir maneə ilə üzləşib.
Kəllə-paça, əzogəlin, və mərci şorbalarının satışına icazə almaq üçün bələdiyyəyə müraciət edən şəxsin müraciəti “yarmarkanın mahiyyətinə uyğun deyil” səbəbi ilə rədd edilib.
Crossmedia.az xəbər verir ki, rəsmi qurumlar yarmarkada ənənəvi alman ləzzətlərinin ön planda saxlanılmasının vacib olduğunu bildiriblər. Mühacir isə bu qərarı haqsızlıq kimi qiymətləndirib.
“Məqsədim sadəcə insanları isitmək və türk mətbəxini tanıtmaq idi”,- deyə sahibkar bildirib. O, həmin yarmarkada Asiya, Meksika və İtalyan mətbəxlərinə aid stendlərin yer aldığını da vurğulayıb.
Sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olan hadisə, mədəni ayrı-seçkilik məsələsini yenidən gündəmə gətirib.
Sahibkar deyir ki, gələn il bu qərara etiraz edəcək və türk şorbasını almanlara mütləq təqdim edəcək: “Əgər gələn il icazə versələr, yarmarkanın ilk günü hər kəsə şorbanı pulsuz verəcəyəm”.
Türkanə Məşədiyeva
00:25 12.11.2025
Oxunuş sayı: 1347