“Əkinçi”dən əvvəlki ana dilli mətbuat

Azərbaycan mətbuatının əsası, ilk ana dilli mətbuat deyildikdə, hamının ağlına birmənalı olaraq “Əkinçi” gəlir. Lakin “Əkinçi”dən düz 43 il əvvəl yaranmış ana dilli mətbuat orqanından çoxları xəbərsizdir . “Tiflisskiy vedomosti” qəzetidir. Çar Rusiyası Azərbaycan xanlıqlarını bir-bir işğal etdikdən sonra əldə olunan torpaqlarda təbliğat aparatına ehtiyac duydu. Bu ehtiyac sadəcə bir tələbat deyil, bir növ zərurət idi, yaxud Çar Rusiyasının mənfur siyasətini gizlətməyə çalışdığı bir maska.
Nəticə etibarilə 1829-cu ildə “Tiflisskiy vedomosti” qəzetinin ilk nömrəsi işıq üzü gördü. Bu qəzetin imperiyanın tərkibində olan üç millətin – gürcü, erməni və Azərbaycan türklərinin dillərində əlavələri nəşr olunurdu. 1829-cu ildə gürcü, 1830-cu ildə erməni və nəhayət, 1832-ci ildə Azərbaycan türkcəsində “Tiflis əxbarı” qəzeti çap olunmuşdur.
Qəzetin baş redaktorluq vəzifəsi sarayın baş müşaviri Sankovskiyə tapşırılmışdı. Ümumi qəzet materiallarını isə Mirzə Əpriəm Yenikolopov redaktə edirdi. Mətbuat tariximizin ilk mərhələsində nəşr olunan digər mətbu orqanlar kimi, “Tiflis əxbarı”nın da abunəçilərinin sayı az idi. Quba komendantı Gimbut 1832-ci il 21 yanvar tarixli, 119 nömrəli məktubunda qəzetin 30 nəfər abunəçisi olduğunu göstərdiyi halda, Bakı komendantı Kolomiysev abunəçi azlığından şikayətlənirdi.
Arxiv materialları əsasında gəlinən nəticəyə görə, qəzetin Azərbaycan dilində çapı farscadan sonra olmuşdur. Paskeviçdən sonra Qafqazın baş hakimi olan baron Rozenin 1831-ci il dekabrın 30-da maarif naziri Livenə yazdığı məktubda qeyd olunur ki, ondan əvvəl burada fars dilində “Tiflisskiy vedomosti” qəzeti nəşr olunmuş, lakin abunə azlığından bağlanmışdır. Rozen bildirirdi ki, fars dili nəinki bizə mənsub olan və tatarların (Azərbaycan türklərinin) yaşadığı Zaqafqaziya ölkəsində, hətta Azərbaycanın özündə də az yayılmışdır. O, maarif nazirinin nəzərinə çatdırırdı ki, azərbaycanca çap olunacaq “Tiflis əxbarı” farsca çıxmış qəzetin məzmununa uyğun materiallar verəcəkdir. Məqalələrin məzmunu isə aşağıdakı şəkildə müəyyənləşdirilmişdi:
1. Dövlət tərəfindən Zaqafqaziya müsəlmanlarına verilən yüksək mükafatlar haqqında məlumatlar;
2. Asiyalılar üçün anlaşıqlı və maraqlı olan xarici və daxili yeniliklər;
3. Yerli əhali arasında Avropa təhsilinə və sənayesinə rəğbət oyadan müxtəlif materiallar.
Qəzetin nəşri, əslində, Çar Rusiyasının siyasətini nümayiş etdirən bir aparat idi. Belə ki, qəzetdə milli zəmində heç bir yazı dərc edilmir, sosial problemlər və siyasi məsələlərə də həssaslıqla yanaşılırdı.
Həqiqətən də, qəzet olduqca sanballı və insanlar üçün maraqlı gələ biləcək faktlardan xəbər verirdi. 1828–1829-cu illərdə olmuş Osmanlı–Rusiya müharibəsi ilə bağlı qəzetdə dolğun məlumatlar əks olunmuşdu. Məsələn, qəzetdə “Sərhəddən kənar xəbərlər” bölməsində Osmanlı–Rusiya müharibəsinin başlandığı zaman İstanbuldan verilən xəbərlər və səfər hazırlıqları, “Cəbhədən gələn xəbər və yazılar” bölməsində isə Qars qalasının alınması, Faş (Poti), Ahılkələk və Hırtız qalalarının mühasirəsi və ələ keçirilməsi, rus ordusunun Qars və Ahılkələk qalalarını fəth etməsi, Paskeviç Erəvanskinin Osmanlıya qarşı üstün mövqe tutması və bu uğurların Sion kilsəsində ayinlə qeyd edilməsi kimi hadisələr yer almışdır.
Bundan əlavə, qəzet səhifələrində Qafqaz xalqları haqqında da məlumatlar verilirdi. “Modern tarix” başlığı altında 1828-ci ildə Kuban regionunda yaşayan çərkəzlər barədə yazı dərc edilmişdir. Həmçinin ubıxlar, natuhaylar, şapsığlar, abadzehlər, kabardeylər və s. topluluqların coğrafi, demoqrafik, iqtisadi və idarə strukturları izah olunmuşdur.
Bununla yanaşı, karaçaylar və besleneylər, lezgilər, ermənilər, gürcülər (Telavi və Kahetya regionları), abxazlar, Naxçıvan, Qars, Ərdəbil və ətraf bölgələrin statistika və tarixi haqqında yazılar qəzetdə ardıcıl olaraq dərc edilirdi.
Siyasi xəbər və yazılarla kifayətlənməyən qəzet iqtisadi mövzulara da yer ayırırdı. “Ticarət xəbərləri” başlığı altında Redutkale limanına gələn mallar (şəkər, çay, tütün, un, balıq və s.) barədə məlumatlar paylaşılırdı. Ayrıca səyahət yazıları da yayımlanırdı. Məsələn, Gürcüstan Hərbi Yolu boyunca aparılan elmi səfərlər, Polşadan Qafqaza səyahətlər, Garni tarixi şəhərinə ekskursiya kimi mövzular araşdırılmışdı.
Coğrafi təsvirlərə də müəyyən yer ayrılmışdı. Cənubi Qafqaz bölgəsinin Rus imperiyasına qatılmasından sonra Gürcüstanın inzibati tərkibi, rayon və sancaklar barədə düzəlişlər qəzetdə təqdim olunmuşdur.
Qeyd etmək lazımdır ki, “Tiflis əxbarı” təkcə Zaqafqaziyada deyil, İranda və Türkiyədə də oxunurdu. Vərəqə şəklində həftənin çərşənbə günləri çıxan bu qəzetdə Abbasqulu ağa Bakıxanov da fəaliyyət göstərmişdir. O, Sankovskinin “məişət, tarix, ədəbiyyat, mədəniyyət” məsələləri üzrə məsləhətçisi idi. A. Bakıxanov şərq xalqlarının tarixini, mədəniyyətini, fars, rus və ərəb dillərini mükəmməl bilən bir şəxs kimi Qafqaz baş əmirliyinin diqqətində idi.
“Tiflisskiy vedomosti”nin həm rus, həm də yerli dillərdə çıxan əlavələri ciddi senzura nəzarətində çap olunur, hərbi orqanlar bu nəşrləri daim nəzarətdə saxlayırdı. “Tiflis əxbarı”nın bir neçə nömrəsi çıxdıqdan sonra onun nəşri dövlət tərəfindən dayandırılmışdır.
Ayhan
12:27 07.08.2025
Oxunuş sayı: 1300