Azərbaycanın Avropa Siyasi Birliyində iştirakı: Yeni suverenlik fəlsəfəsi və çoxtərəfli geosiyasi transformasiya

Avropa Siyasi Birliyi (ASB) yeni dialoq platforması olaraq 2022-ci ildən etibarən Avropa İttifaqının geosiyasi manevr aləti kimi formalaşmağa başlamışdır. Təşəbbüsün məqsədi təkcə Aİ-ı ölkələrini deyil, həm də Aİ-na üzvü olmayan, lakin strateji əhəmiyyətə malik tərəfdaş ölkələri ortaq dəyərlər və təhlükəsizlik dialoqu ətrafında bir araya gətirməkdir. Yəni, Avropa qitəsinin təhlükəsizlik arxitekturasını, siyasi dialoq mədəniyyətini və çoxqütblü dünya düzənində geosiyasi koordinasiyanı yeni əsaslar üzərində yenidən qurmağa yönəlmiş strateji mexanizmdir. ASB-nin dəyəri onun rəsmi qərarvermə institutlarında deyil, qitədə və onun ətrafında yerləşən mühüm aktorların nəinki rəsmi maraqlarını, həm də dəyərlərini uzlaşdırmaq cəhdindədir. Artıq müasir beynəlxalq sistem post-bipolyar dövrün dərin transformasiya mərhələsinə qədəm qoymuşdur. Qlobal aktorlar yeni ittifaqlarla, çoxtərəfli siyasi dialoq formatları ilə öz mövqelərini möhkəmləndirməyə çalışdıqları bir vaxtda, regional aktorların rolu da nəzərə çarpacaq şəkildə artmışdır. Belə bir məqamda Azərbaycanın Avropa Siyasi Birliyi (ASB) çərçivəsindəki iştirakı, Cənubi Qafqazdan yeni bir geosiyasi yanaşmanın formalaşdığını göstərir.
Azərbaycan bu konteksdə “normativ aktor” anlayışına uyğun gələn nümunələrdən biridir. Bildiyimiz kimi, beynəlxalq münasibətlər nəzəriyyəsində normativ aktor sadəcə güc tətbiq etməklə yox, öz dəyərlərini, siyasi və mədəni modellərini başqalarına nümunə kimi təqdim edən, cazibə və inandırıcılıq yolu ilə təsir göstərən dövlətdir. Azərbaycanın son illərdə ortaya qoyduğu sabit yönümlü xarici siyasəti, mədəni müxtəlifliyin qorunması, qlobal təşəbbüslərdə fəallıq və beynəlxalq hüququn prinsipial müdafiəsi bu statusu qazanmasına şərait yaradıb. Xüsusilə Avropa İttifaqı ilə enerji və nəqliyyat layihələri, mədəni diplomatiya təşəbbüsləri və COP 29 kimi tədbirlərlə beynəlxalq dialoq platformalarında aktiv iştirak Azərbaycanı yalnız resurs ixrac edən deyil, dayanıqlı, etibarlı və dəyər yaradan tərəfdaş kimi tanıdır. Bu yanaşma ABŞ-ın tanınmış beynəlxalq münasibətlər üzrə mütəxəssisi Cozef Nay-ın “yumşaq güc” (soft power) konsepsiyası ilə üst-üstə düşür. Nay-in fikrincə, yumşaq güc - zor tətbiq etmədən, insanları cəlb etməklə və razı salmaqla məqsədinə çatmaq bacarığıdır. Bu güc həm hökumət siyasəti ilə, həm də mədəniyyət, siyasi dəyərlər və xarici siyasətin legitimliyi ilə formalaşır. O, bu mənzərəni daha aydın təsvir edirək qeyd edirdi ki, “Əsl güc yalnız hərbi resurslarda deyil, dəyərlər və inandırma bacarığında gizlidir.” Məhz Azərbaycan bu fikrin müasir geosiyasi müstəvidə canlı nümunəsidir. Buna Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi ilə özünü ədalətli və balanslı mövqeyin daşıyıcısı kimi təqdim etməsində, Bakı Prosesi və mədəniyyətlərarası dialoq təşəbbüsləri ilə dinlər və sivilizasiyalar arasında körpü qurmasında, beynəlxalq hüququn və suverenliyin əhəmiyyətini sistemli şəkildə müdafiə etməsində, TAP və TANAP kimi enerji dəhlizləri ilə Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş rolunu oynamasında görmək olar. Bütün bunlar Azərbaycanı yalnız fiziki resursları ilə yox, həm də öz diplomatik davranışı və təqdim etdiyi siyasi dəyərlərlə cazibədar edən bir dövlətə çevirir. Bu isə sırf yumşaq gücün işlədiyi məkandır.
Azərbaycanın Avropa ilə münasibətləri təkcə enerji bazarları ilə ölçülmür. Əvvəldə də qeyd etdiyimiz kimi, enerji təhlükəsizliyi, nəqliyyat infrastrukturunun diversifikasiyası, rəqəmsal keçid və mədəniyyətlərarası dialoq sahələrində də təşəbbüskar mövqedədir. Avropa Komissiyasının 2023-cü il Strateji Hesabatında qeyd olunur: “Avropa İttifaqının gələcək sabitliyi qonşuluqda yerləşən strateji tərəfdaşların möhkəmliyi və davamlı əməkdaşlığı ilə mümkündür.” Bu fikir Azərbaycanın Aİ ilə əməkdaşlığını üzvlükdaxili inteqrasiya yox, funksional və dəyərlər əsaslı koordinasiya kimi qiymətləndirməyə imkan verir.
Bu günə qədər Avropa Siyasi Birliyinin altı iclası keçirilib. Azərbaycan yalnız ikisinə qatılmayıb. Bu, təsadüfi yox, geosiyasi münasibətlərin və beynəlxalq ədalətin təzahürüdür. Bu istisna vəziyyətə əsas verən isə üzv dövlətlərdən biri olan Fransanın Azərbaycanla bağlı birtərəfli və qərəzli yanaşması qeyd etmək lazımdır. Lakin Azərbaycan artıq beynəlxalq platformalara tam bərpa olunmuş suverenlik statusu ilə çıxış edir. Bu suverenlik anlayışı yalnız ərazi bütövlüyünün təmin olunması ilə də məhdudlaşmır, o, həm də geosiyasi idrakın yenidən qurulması, intellektual müstəqillik, dəyərlərə əsaslanan diplomatik davranış və yumşaq güclə təsir yaratmaq bacarığı kimi daha mürəkkəb və çoxqatlı komponentləri özündə ehtiva edir.
Müasir güc anlayışı artıq dəyişir. Torpaq, resurslar və hərbi güc hələ də əhəmiyyətlidir, lakin onlar artıq beynəlxalq arenada təsirli olmaq üçün yeganə vasitə deyil. Azərbaycan bu güc modelinə keçidi təkcə nəzəri səviyyədə deyil, real diplomatik davranışları ilə sübut edir. Məhz Avropa Siyasi Birliyinin 6-cı sammitində, Fransa prezidenti Emmanuel Makronun Azərbaycan prezidenti İlham Əliyevlə görüşü, eləcə də Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta və Avropa Komissiyasının prezidenti Ursula von der Leyen ilə aparılan müzakirələr sadəcə ikitərəfli münasibətlərin təzahürü deyildi. Bu görüş, əslində, yeni dünya düzənində Azərbaycanın dəyişən və dərinləşən geosiyasi statusunun etirafı idi. Görüş zamanı Aİ rəhbərlərinin Azərbaycanın etibarlı və vacib tərəfdaş kimi dəyərləndirilməsi, Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfənin xüsusi vurğulanması təkcə bir təşəkkür deyil – strateji mövqenin qəbul edilməsi idi.
Prezident İlham Əliyevin çıxışlarında və təqdim etdiyi perspektivdə əsas bir fəlsəfi xətt nəzərə çarpır: Azərbaycanın rolu artıq xəritədəki yerindən yox, təqdim etdiyi dəyər və sistemli baxışdan doğur. Tiranadakı görüşdə Mərkəzi Asiya ölkələri ilə bərpaolunan enerji üzrə əməkdaşlıq, Qara dəniz altı layihəsi, eləcə də Cənub Qaz Dəhlizi Məşvərət Şurası kimi mövzular ətrafında aparılan müzakirələr, Azərbaycanın geoiqtisadi transformasiya vizyonunu təsdiqləyir.. Avropa İttifaqı Azərbaycanın rolunu artıq qısa dövrün tələb etdiyi praqmatik münasibətlər çərçivəsində deyil, uzunmüddətli sabitliyin qurucusu kimi dəyərləndirir. Bu isə Azərbaycanın xarici siyasət fəlsəfəsinin – dəyərlərə əsaslanan çoxtərəfli diplomatiyanın – beynəlxalq səviyyədə nə qədər real və qəbulolunan olduğunun sübutudur. Bu görüş, bir daha göstərdi ki, Azərbaycan beynəlxalq sistemdə yalnız iştirakçı deyil, formalaşdırıcı gücdür – sülh, enerji təhlükəsizliyi, sabitlik və davamlı inkişaf adına geosiyasi ağlın məhsuldar bir daşıyıcısıdır. Bu görüşlər rəsmi protokol çərçivəsində keçsə də, onların siyasi semantikası dərin və çoxqatlıdır. Bütün bunlar, Azərbaycanın "nüfuzla təsir" modelini, yəni yumşaq gücü sərt diplomatik reallıqlarla birləşdirmək qabiliyyətini göstərir. Bu, klassik güc siyasətindən fərqli olaraq, intellektual üstünlüyə əsaslanan yeni bir siyasi fəlsəfədir.
Nəticə etibarilə, Azərbaycan beynəlxalq sistemə təkcə resurs təminatçısı və ya bölgə aktoru kimi daxil olmur. O, artıq yeni çoxqütblü dünyanın geosiyasi memarlığında ideya təqdim edən, təşəbbüs irəli sürən və sabitlik ixrac edən bir aktor kimi qəbul edilir. Avropa Komissiyasının vitse-prezidenti K.Kallas tərəfindən son müsahibədə qeyd edildiyi kimi: “Azərbaycan regionda mühüm tərəfdaşdır və bizim əlaqələrimizin möhkəmlənməsi ilə bağlı müəyyən gözləntilərimiz var.” Bu “gözləntilər” sadəcə texniki deyil — onlar dərin strateji və mədəni kodlara söykənir. Azərbaycanın Orta Dəhliz layihəsində tutduğu mövqe, logistika, ticarət və rəqəmsal inteqrasiya sahələrindəki imkanları, Şərqlə Qərb arasında strateji körpü funksiyası onun regionlararası siyasətdə getdikcə daha çox “tənzimləyici aktor” rolunu oynadığını göstərir. Azərbaycan kəsişən maraqların, mədəniyyətlərin və təhlükəsizlik ehtiyaclarının ortasında yerləşən, lakin öz suverenlik şərtlərini özü müəyyən edən bir dövlət modeli təqdim edir. Bu model “yeni suverenlik” fəlsəfəsinə söykənir — yəni, dövlət yalnız sərhədlərini deyil, öz qərarvermə hüququnu və dəyərlərini qlobal sistemə təqdim etmə gücünə malikdir.
AMEA-nın elmi işçisi, siyasi şərhçi Vüsalə Gülmalıyeva
12:40 19.05.2025
Oxunuş sayı: 5750