Azərbaycan-Vyetnam əməkdaşlığında dönüş nöqtəsi

2025-ci ilin 7 mayı Azərbaycan-Vyetnam münasibətləri tarixində yeni mərhələnin başlanğıcı oldu. Vyetnam Sosialist Respublikasının Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana etdiyi dövlət səfəri çərçivəsində Prezident İlham Əliyevin verdiyi bəyanatlar, tərəflər arasında strateji səviyyəyə yüksəlmiş əməkdaşlığın konturlarını müəyyən etdi. Bu səfər təkcə iki ölkə arasında imzalanmış çoxşaxəli sənədlər silsiləsi ilə deyil, həm də gələcəyə yönəlik ortaq baxış və siyasi iradə ilə yadda qaldı.
Azərbaycan Respublikasının Prezident İlham Əliyev səfərin əhəmiyyətini vurğulayaraq bildirdi ki, imzalanmış “Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanat” münasibətlərin yeni mərhələyə keçdiyini sübut edir. Bu sənəd yalnız diplomatik protokol deyil, iki dövlətin gələcək siyasi və iqtisadi inteqrasiyası üçün əsas yol xəritəsidir. Hər iki tərəf enerji, ticarət, nəqliyyat, mədəniyyət, təhsil və müdafiə sənayesi kimi sahələrdə konkret razılaşmalar əldə etməklə strateji niyyətlərini praktik müstəviyə keçirirlər. Səfər zamanı imzalanan sənədlər də bu baxış bucağını gücləndirir. Energetika sahəsində Azərbaycan Energetika Nazirliyi ilə Vyetnamın Sənaye və Ticarət Nazirliyi arasında imzalanan Anlaşma Memorandumu və SOCAR ilə PetroVietnam arasında əməkdaşlıq sənədi gələcəkdə hər iki ölkənin enerji bazarında bir-birini tamamlayıcı mövqeyini möhkəmləndirəcək. Azərbaycan tərəfi həm öz neft ixracını şaxələndirməyi, həm də bərpaolunan enerji sahəsində Vyetnamla birgə layihələrə imza atmağı qarşıya məqsəd qoyub. Prezidentin qeyd etdiyi kimi, 6500 meqavatlıq təmiz enerji potensialı bu sahədə geniş əməkdaşlıq üçün zəmin yaradır. Əməkdaşlığın daha bir vacib qolu — müdafiə sənayesi — hər iki tərəfin inkişaf etmiş istehsal imkanları fonunda ön plana çıxır. Birgə müəssisələrin yaradılması və texnologiya transferi vasitəsilə bu sahədə də real nəticələr gözlənilir. İqtisadi münasibətlərdə əsas məsələ isə ticarət dövriyyəsinin neft satışından asılı vəziyyətdən çıxarılmasıdır. Prezident Əliyev bu məsələyə xüsusi toxunaraq bildirdi ki, ticarət balansını balanslaşdırmaq üçün qarşılıqlı informasiya mübadiləsi və biznes dairələri üçün şəffaf hüquqi baza yaradılmalıdır. Məhz bu məqsədlə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Vyetnamın Milli Sahibkarlıq Assosiasiyası (VINEN) arasında Birgə Biznes Şurası yaradılması qərara alındı. Səfər çərçivəsində mədəniyyət və təhsil sahələri də diqqətdən kənarda qalmadı. İki ölkənin mədəniyyət, arxiv işi, rəqəmsal inkişaf və informasiya agentlikləri arasında imzalanan sənədlər bu əməkdaşlığı daha da dərinləşdirəcək. Bu proses yalnız hökumətlər səviyyəsində deyil, eyni zamanda xalqlar arasında yaxınlığın artmasına xidmət edəcək. Bu səfərin siyasi baxımdan isə ən önəmli məqam — beynəlxalq platformalarda vahid mövqedən çıxışın təsdiqlənməsi oldu. Prezident İlham Əliyev Vyetnamın BMT Təhlükəsizlik Şurasında Azərbaycanın mövqeyini dəstəkləməsini xatırladaraq, bu təşəkkürü bir daha ifadə etdi. Eyni zamanda, Qoşulmama Hərəkatı çərçivəsində birgə fəaliyyətin davam etdirilməsi də iki ölkənin beynəlxalq hüquqa və ərazi bütövlüyü prinsipinə bağlılığının göstəricisi kimi dəyərləndirildi.
Qeyd etməliyəm ki, səfər hər nə qədər qısa müddətli olsa da, Prezidentin ifadə etdiyi kimi, məzmunca olduqca zəngin idi. Əldə edilən razılaşmalar və imzalanan sənədlər Azərbaycanın Asiya istiqamətində yeni strateji tərəfdaşlıq qapılarını açdığını göstərdi. Vyetnam isə bu əməkdaşlıqdan nəinki iqtisadi fayda, həm də geosiyasi əhəmiyyət baxımından yeni imkanlar qazanacaq. Əminliklə demək olar ki, bu səfər iki ölkə arasında qarşılıqlı hörmətə və ortaq maraqlara əsaslanan yeni bir dövrün başlanğıcıdır.
Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini
12:10 12.05.2025
Oxunuş sayı: 3249