Ümummilli Lider Heydər Əliyev: Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu



Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin təşkilatçılığı ilə “Ümummilli Lider Heydər Əliyev: Azərbaycan Respublikasında demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu” mövzusunda respublika elmi konfransı keçirilib. Tədbir Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilib.
BDU-dan Crossmedia.az-a bildirilib ki, Elmi fəaliyyətin təşkili və innovasiyalar mərkəzinin direktoru Mais Süleymanov konfransda çıxış edərək Ulu Öndərin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən danışıb. Bildirib ki, Ümummilli Liderin fəaliyyəti bir-birinə zidd olan iki müxtəlif ictimai-siyasi sistemdən keçib və bunların hər ikisindən o, bacarıqla istifadə edərək Azərbaycanın tərəqqisini təmin edib. Ulu Öndərin müdrik, məntiqi düşüncəyə söykənən siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tarix fakültəsinin dekanı professor İbrahim Zeynalov konfransa daxil olan tezislər barədə məlumat verib. Daha sonra qeyd edib ki, 1969-cu ildə Heydər Əliyev Azərbaycanın iqtisadiyyatını yeni inkişaf strategiyası ilə qısa müddətdə canlandırıb və nəticədə respublikamız sürətlə inkişaf edib. Həmin dövr ərzində milli gəlir, sənaye istehsalı, əmək məhsuldarlığı və kənd təsərrüfatında istehsal olunan məhsulun ümumi həcmi əhəmiyyətli dərəcədə artıb.
Açılış mərasimində, həmçinin Sumqayıt Dövlət Universitetinin Tarix və coğrafiya fakültəsinin dekanı professor Adil Baxşəliyev, Azərbaycan Dövlət İqtisad Universitetinin Humanitar fənlər kafedrasının müdiri professor Vəkil Həsənov və BDU-nun Azərbaycan tarixi kafedrasının müdiri dosent Azad Rzayev Ulu Öndərin Azərbaycanın milli dövlətçiliyini qorumaq və möhkəmləndirmək sahəsindəki xidmətlərindən danışıblar.
Konfrans beş bölmə iclası ilə davam edib.
14:45 08.05.2025
Oxunuş sayı: 596