AzMİU-da tələbə və magistrantların 47-ci ənənəvi elmi konfransı baş tutub







Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 5–16 may tarixlərini əhatə edən “Elmdə Addımlar: TEC Günləri” çərçivəsində tələbə və magistrantların 47-ci ənənəvi elmi konfransı öz işinə başlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə AzMİU məlumat yayıb.
Bildirilib ki, builki konfrans ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunub.
Konfransın moderatorluğunu Tələbə Elmi Cəmiyyətinin (TEC) sədri Günel İmamquliyeva həyata keçirib.
Plenar iclasda çıxış edən AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova ümummilli liderin elmin və təhsilin inkişafı sahəsində gördüyü misilsiz xidmətlərdən bəhs edib. Rektor deyib ki, Heydər Əliyev Azərbaycanın gələcəyini bilikli, milli ruhlu və müasir dünyagörüşünə malik gənclərdə görür, bu istiqamətdə dərin islahatlar həyata keçirirdi. Rektor, eyni zamanda Ulu Öndərin AzMİU-nun yaradılması və inkişafındakı xüsusi rolunu vurğulayaraq, universitetin bu gün müasir tələblərə cavab verən mühəndis və memar kadrlar hazırlayan nüfuzlu elmi mərkəzə çevrildiyini diqqətə çatdırıb.
Ardınca Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, millət vəkili Ceyhun Məmmədov çıxışında təhsilin inkişafı istiqamətində atılan mühüm addımlardan danışıb. O bildirib ki, Heydər Əliyevin rəhbərliyi dövründə 800-dən çox ümumtəhsil müəssisəsinin inşası həyata keçirilib ki, bu da təhsilə verilən əhəmiyyətin bariz nümunəsidir.
Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri, AzMİU-nun Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrasının müdiri professor Elbay Qasımzadə isə çıxışında ümummilli liderin yalnız siyasi və dövlət xadimi kimi deyil, həm də yüksək estetik zövqə malik, memarlığa və şəhərsalmaya böyük önəm verən şəxsiyyət olduğunu vurğulayıb.
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev də konfransda çıxış edərək Ulu Öndərin müəllim əməyinə verdiyi yüksək qiymətdən, təhsil işçilərinin sosial rifahının və hüquqlarının qorunmasında göstərdiyi səylərdən bəhs edib.
Plenar iclas çərçivəsində Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub. Çarxda ümummilli liderin dövlətçilik fəlsəfəsi, elmə və gənclərə göstərdiyi diqqət geniş şəkildə təqdim olunub.
Konfrans bölmə iclasları ilə davam etdirilib. Fizika və Kimya kafedrasının professoru Nəbi Babayev və dosent Şəhla Əhmədin elmi rəhbərliyi ilə aparılan tədqiqat çərçivəsində tələbələr Nuray Məmmədli və Ceyran Qurbanova “Azərbaycan Memarlıq və İnşaat Universitetinin ərazisindəki torpaqda qurğuşun və fəal alüminiumun təyini” mövzusunda elmi araşdırmalarının nəticələrini təqdim ediblər.
Bildirək ki, tələbə və magistrantların 47-ci ənənəvi elmi konfransı 7–8 may tarixlərində bölmə iclasları ilə davam etdiriləcək.
18:15 07.05.2025
Oxunuş sayı: 908