BDU Jurnalistika fakültəsi ilə Özbəkistanın ali məktəbi arasında əməkdaşlıq müzakirə olunub


Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində "Ingla School Baku"nun təşkilatçılığı ilə Özbəkistan Jurnalistika və Kütləvi Kommunikasiyalar Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə adıçəkilən universitetin prorektorları – Rövşən Rayimjanov, Gülsənəm Həsənova və şöbə müdiri Əlişer Mirəzamov, Jurnalistika fakültəsinin dekanı, filologiya elmləri doktoru Vüqar Zifəroğlu, professor Cahangir Məmmədli və professor-müəllim heyəti iştirak edib.
Crossmedia.az xəbər verir ki, müzakirə zamanı Azərbaycan və Özbəkistan ali məktəbləri arasında yeni bir əməkdaşlıq körpüsünün təməlini qoyub. Görüş çərçivəsində tərəflər arasında ikili diplom proqramlarının icrası və əməkdaşlıq memorandumu ilə bağlı qarşılıqlı müzakirələr aparılıb. Tərəflər jurnalistika sahəsində elmi-tədris əməkdaşlığının dərinləşdirilməsi, birgə tədqiqat layihələrinin həyata keçirilməsi, tələbə və müəllim mübadiləsi proqramlarının genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
Məlumat üçün bildirək ki, 2-4 may tarixlərində paytaxtımızda "Ingla School Baku"nun təşkilatçılığı ilə Özbəkistan universitetlərinin təhsil sərgisi keçirilib. Sərgidə qardaş ölkənin 15-ə yaxın nüfuzlu ali təhsil müəssisəsi təmsil olunub. Bu sırada Özbəkistan Jurnalistika və Kütləvi Kommunikasiyalar Universiteti də yer alıb.
Həmayıl Şükürlü
07:45 06.05.2025
Oxunuş sayı: 992