İnsanların qəlblərinə nur saçan əbədi Günəş

Zərifə Əliyeva… O, insan qəlbinin ən kövrək tellərinə toxunan ruhun təcəssümüdür. O, yalnız bir həkim, bir alim deyildi, həyatını başqalarının da həyatına nur saçmağa həsr etmiş Azərbaycan qadınının ən gözəl xüsusiyyətlərini özündə birləşdirən bir şəxsiyyət idi. Onun əlləri bir çiçək qədər zərif, bir dağ qədər güclü idi – zülmətə qərq olmuş gözlərə işıq gətirir, həyatın itmiş rənglərini yenidən bərpa edirdi.
1923-cü ilin aprelin 28-də Azərbaycanın görkəmli dövlət və ictimai-siyasi xadimi, elmə sonsuz bağlılığı ilə seçilən Əziz Əliyevin ailəsində parlaq bir gələcəyin müjdəçisi dünyaya göz açdı. Bu körpə, ailəsinin şərəfini daha da ucalara yüksəldəcək, Vətənə sonsuz məhəbbəti ilə xalqına böyük xidmətlər göstərəcək Zərifə Əliyeva idi.
Kiçik yaşlarından elmə və öyrənməyə olan sevgisi ilə fərqlənən Zərifə xanım orta təhsilini müvəffəqiyyətlə başa vuraraq gələcək həyat yolunu tibb sahəsində görməyə qərar verdi. Bu seçim onun Vətəninə, insanlara xidmət etmək arzularından irəli gəlirdi. 1942-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olan Zərifə xanım tələbəlik illərində zəhmətkeşliyi və əzmkarlığı ilə seçilirdi. 1947-ci ildə institutu yüksək nəticələrlə tamamlayan Zərifə Əliyeva, öz biliyi və fədakarlığı ilə Azərbaycan tibb sahəsinə unudulmaz töhfələr verəcək elm yoluna ilk addımlarını atdı.
O, həm də Ümummilli liderin vəfalı ömür-gün yoldaşı, Prezident İlham Əliyevin anasıdır. Heydər Əliyev Zərifə xanım haqqında belə deyib: “Zərifə xanım çox böyük alim olub. Mən hələ onunla həyat quranda o, artıq elm yolunda idi, elmlə məşğul idi. Onun elmi fəaliyyəti məlumdur. O, çox istedadlı, çox xeyirxah, çox sadə insan idi. Mən bu barədə çox danışa bilərəm, ailəmin yaşaması, bu günlərə çatması, övladlarımın tərbiyəsi üçün və həyatımda onun əvəzsiz rolu üçün mən bu gün Zərifə xanımın məzarı qarşısında baş əyirəm. On il keçsə də, onu bir dəqiqə belə unutmuram və unutmayacağam. Mənim övladlarım da bu əhval-ruhiyyədədirlər. Onlar bu əhval-ruhiyyə ilə tərbiyələniblər, formalaşıblar. Ona görə də bu gün bizim üçün müqəddəs gündür... Bu gün xoşbəxt gündür. Çünki bu gün Zərifə xanım kimi böyük bir insan Yer üzünə gəlib, mənim həyatımı xoşbəxt edib, mənə gözəl övladlar bəxş edib.”
Zərifə xanım kimi yüksək mənəviyyata, zəngin elmə və sevgi dolu ürəyə malik bir ananın övladı olmaq, İlham Əliyev kimi bir liderin şəxsiyyətini formalaşdıran əsas sütunlardan biri olub. Zərifə xanımın ailəsində yaratdığı sevgi dolu atmosfer, onun nümunəvi analıq keyfiyyətləri və elmi bilikləri İlham Əliyevin gələcəyinə güclü bir təməl yaradıb. İlham Əliyev bu tərbiyə və ana sevgisinin onun həyatında nə qədər böyük rol oynadığını hər zaman vurğulayır: “Zərifə xanım böyük lider, ulu öndər Heydər Əliyevin ömür-gün yoldaşı idi. Bütün işlərdə ona dayaq olurdu, onu dəstəkləyirdi. Ailəmizdə olan ab-hava, mühit, valideynlər arasında olan münasibətlər əlbəttə ki, bizi də tərbiyə edirdi. Yəni, ailədə tərbiyəni valideynlərin münasibətlərini görərək alırdıq”.
Sözsüz ki, belə bir ailədə sevginin və dərin mənəviyyatın formalaşdırdığı mühitdə İlham Əliyev kimi bir liderin yetişməsi təbiidir.
Zərifə xanım həkim oldu, alim oldu, ana oldu, xeyirxah oldu. Lakin ən önəmlisi, o, insanların qəlblərinə nur saçan əbədi Günəş oldu. Əsrlər keçsə də onun adı Azərbaycan xalqının ürəyində ümid, şəfqət və mərhəmət simvolu olaraq qalacaq.
Nəzrin Salmanova
15:38 28.04.2025
Oxunuş sayı: 2990