BDU-nun Qazax filialında “Müasir Azərbaycanın Demokratik Hüquqi Əsasları – Konstitusiyamız” mövzusunda intellektual yarış keçirilib

Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar Bakı Dövlət Universitetinin (BDU) Qazax filialında da mütəmadi tədbirlər təşkil edilir. Filialda tələbələr arasında “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Müasir Azərbaycanın Demokratik Hüquqi Əsasları – Konstitusiyamız” mövzusunda Nə?, Harada?, Nə zaman? formatlı intellektual yarış keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Filialın direktoru Arif Rüstəmov iştirakçıları salamlayıb, səmimi ürək sözlərini bölüşüb. A.Rüstəmov 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsində, eləcə də 2023-cü ilin sentyabrında antiterror tədbirlərində düşmən üzərində qazandığımız tarixi Zəfərimizin regionda və dünyada yeniliklərə yol açdığını, Azərbaycanın gücünü, qüdrətini dünyaya bəyan etdiyini söyləyib. Müəllifi Ulu Öndər olan, 1995-ci ildə qəbul edilən Konstitusiyamızın Azərbaycanın hüquqi dövlət kimi möhkəmlənən mövqeyində əsas rol oynadığını bildirib.
Münsiflər heyətinin üzvü, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri, FTCH ixtisasının III kurs tələbəsi, qazi Qılınc Cəfərov yarışın qaydaları haqqında məlumat verib.
Yarışa ümumilikdə 12 komanda - “Bayraqdarlar”, “Xəmsə”, “Ədalət qalası”, “Tarixçilər”, “Göyəzən”, “Laçın”, “Ulduzlar”, “Şuşa”, “Xocalı sədası”, “Qartal”, “Zəfər”, “Xarıbülbül” adlı komandalar qatılıb. Yarış hər komandada 5 nəfər olmaqla, ümumilikdə 60 gənci əhatə edib.
Yarış 2 turda təşkil olunub və hər turda 6 komanda iştirak edib. Yarış iştirakçılarına Azərbaycanın Konstitusiyasının qəbul edilməsinin keçdiyi tarixi yol, müasir Azərbaycanın hüquqi, dünyəvi dövlət quruculuğunda keçdiyi tarixi yol, suverenliyimizin, ərazi bütövlüyümüzün qorunması, Zəfərimiz, qəhrəman şəhidlərimiz haqqında müxtəlif mövzularda suallar ünvanlanıb.
20 sualın təqdim olunduğu 1-ci turda iştirak edən komandalar içərisində “Bayraqdarlar” və “Göyəzən” komandaları final turuna vəsiqə qazanıb. O cümlədən 2-ci turda iştirak edən 6 komandadan 2 komanda - “Xarıbülbül” və “Xocalı sədası” finala vəsiqə qazanıb.
Final turunda 4 komanda iştirak edib ki, onlar üçün 15 sual səsləndirilib. Yekun nəticələrə əsasən, “Bayraqdarlar” komandası 1-ci yerə, “Göyəzən” komandası 2-ci yerə, “Xocalı sədası” komandası 3-cü yerə layiq görülüblər. Həvəsləndirici yerin sahibi isə “Xarıbülbül” komandası olub.
Sonda qalib komandalar Fəxri Fərmanla mükafatlandırılıb. (Azərtac)
06:53 19.04.2025
Oxunuş sayı: 948