Bu gün Rusiya-Ukrayna müharibəsinin 1000-ci günüdür. 2022-ci ilin aprelində başlayan bu qanlı münaqişə müasir Avropanın şahid olduğu ən dağıdıcı savaşlardan biri olaraq tarixə yazılır. 1000 gün ərzində hər iki tərəf saysız-hesabsız itkilər versə də, təəssüf ki, hələ də nə siyasi kompromisə, nə də hərbi qələbəyə nail olmaq mümkün oldu. Bu müharibə təkcə regiona, həm də qlobal siyasətə geniş təsir etdi. Bəzi Qərb ölkələri başda olmaqla, bir sıra qərəzli dairələr aktiv münaqişədə birtərəfli mövqe göstərərək mümkün atəşkəsi bəlkə də, mümkünsüz hala çevirdi. Ölkəmiz isə Rusiya ilə qonşu olmasına baxmayaraq, bu qarşıdurmada neytral mövqe yürütdü. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dəfələrlə öz çıxışlarında Rusiya-Ukrayna arasında mövcud münaqişənin həllində aktiv iştirak etməyə hazır olduğunu bildirdi.
Rusiya-Ukrayna müharibəsi əslində, post-Sovet məkanının dərinləşmiş qarşıdurması və NATO-Rusiya ziddiyyətlərinin birbaşa nəticəsidir. Müharibə zamanı hər iki tərəfdən şəhərlərin dağıdılması, enerji infrastrukturlarının məhv edilməsi, milyonlarla qaçqın və on minlərlə insanın həlak olması bəşəriyyətin bu qarşıdurmadan necə təsirləndiyini göstərir.
Bu müharibədə Qərbin birbaşa iştirak etməməsi, lakin Ukraynaya hərbi və maliyyə yardımı göstərməsi prosesin uzanmasına səbəb oldu. ABŞ və Avropa İttifaqının təkcə hərbi dəstəklə kifayətlənərək, münaqişəni danışıqlar masasına gətirmək üçün təsirli cəhdlər göstərməməsi əksinə, Rusiya ilə münasibətləri daha da gərginləşdirməsi bu müharibənin qlobal sülhə ciddi təhdid yaratdığını sübut edir. Müharibənin başladığı dövrdən qısa tarixə nəzər salsaq, görərik ki Qərb ölkələri Ukraynanı bir növ irəli verməklə Rusiyanı zəiflətmək planlarını davam etdirirlər. Kollektiv Qərb üçün anti-Rusiya siyasəti zamanı qurbanın kim olması elə də önəmli deyil. Dünən Gürcüstan, bugün Ukrayna, sabah bəlkə də Ermənistan. Nəticə etibarilə Qərb təkcə bu münaqişədə öz birtəfəli mövqeyini ortaya qoyaraq münaqişəni daha da alovlandırdı. Elə son olaraq, ABŞ-da öz səlahiyyətlərini gələn ay yeni prezidentə təqdim edəcək Co Baydenin "sonuncu gülləsi", ötən günlərdə Ukraynanın Rusiyaya qarşı ATACMS uzaqmənzilli raketlərinin istifadəsinə icazə verməsinə dair qərarı bu riyakarlığın hələki sonuncu nümunəsi hesab olunur.
Ümumiyyətlə münaqişənin davam etdiyi 2 ildən çox vaxt ərzində Qərbdən gələn bir çox səslər Rusiyaya qarşı müharibə elan ediləcəyini bağıra-bağıra deyirdi. Lakin, başda Fransa və onun iradəsiz prezidenti Emanuel Makron olmaqla, bir çox Qərb ölkələri və onların rəhbərləri son anda niyəsə bu siyasətdən daşındılar, bir növ Rusiyanın gücü qarşısında geri addım ataraq Ukraynanı silahlandırmaq və maddi yardım etməklə kifayətləndilər. Kiyevə olunan bu "yardım" isə münaqişənin vaxtının uzadılmasına xidmət etdi. 1000 gün ərzində Kollektiv Qərb Rusiya və Ukraynanı sülh masasına dəvət etmək əvəzinə, Moskvaya qarşı qərəzli mövqe sərgilədi, Kiyevi isə marionet mövqeyində öz çirkli əməlləri üçün alətə çevirdi.
2 il əvvəl fevralın 24-də başlayan müharibədə Qərb ölkələri ilk olaraq Ukraynaya geniş həcmdə maliyyə yardımları göstərməyə başladılar. Fevralın 26-da ABŞ müharibənin ilk günlərində Ukraynaya 350 milyon dollar dəyərində hərbi yardım paketini təsdiqlədi. Bu paketə tank əleyhinə sistemlər (Javelinlər), hava hücumundan müdafiə vasitələri və digər silahlar daxil idi. 27 fevral 2022-ci ildə isə ilk dəfə olaraq Avropa İttifaqı üzv dövlətlərindən birbaşa olaraq 450 milyon avro dəyərində hərbi yardım elan etdi. Hər iki yardım qlobal müstəvidə Rusiyanın işğalçı kimi qələmə verilməsi məqsədli idi. Çünki münaqişənin ilk günlərində təkcə Ukrayna deyil, Rusiya da itki və tələfatlarla üz-üzə qalmışdı. ABŞ-ın bu ay son olaraq 175 milyon dollar məbləğində yardımını da nəzərə alsaq, 1000 gün ərzində Ağ Ev 2022-ci ilin fevralından başlayaraq Ukraynaya 106 milyard dollar ayırıb. Bunun 70 milyard dollarını hərbi yardımlar təşkil edib. 27 ölkədən ibarət Avropa İttifaqı isə Kiyevə 133 milyard dollar məbləğində maliyyə, humanitar və hərbi yardım edib. Lakin, olunan bu "yardım"lar nə Rusiyanın zəifləməsinə, nə də əksinə olaraq Kiyevin müharibədə dönüş nöqtəsi yaratmasına xidmət edib. Qeyd olunan rəqəmlər sadəcə olaraq münaqişənin aktiv fazasının davamına və kauntdaunun (geri sayım) mümkünsüzlüyünə çıxarıb.
Nəticə olaraq, bölgədə eskalasiyanın dərinləşməsində əsas aktor olaraq Kollektiv Qərb önə çıxır. Lakin buna baxmayaraq 2 ildən çox vaxt ərzində münaqişədə hər iki tərəfi səmimi formada sülhə dəvət edən ölkələr də oldu ki, onlardan da biri məhz Azərbaycandır. Azərbaycan Prezidenti İlham Əliyev, müharibənin ilk günlərindən etibarən həm Rusiya, həm də Ukrayna tərəflərini danışıqlar masasına dəvət edən liderlərdən biri olub. Azərbaycanın tarixi, siyasi və geosiyasi mövqeyi onu münaqişənin həlli üçün potensial vasitəçi kimi irəli çıxarıb. Bakı gələcəkdə Rusiya-Ukrayna müharibəsinin həlli üçün unikal məkan ola bilər. Qarabağ problemini 44 gün kimi qısa müddətdə, sözügedən bölgədə keçmiş separatçı qüvvələrin tərk-silah edilməsini isə sadəcə 23 saatda həll edən Azərbaycan Rusiya-Ukrayna müharibəsində atəşkəsin əldə olunması və sülhün imzalanması üçün öz səylərini davam etdirir. Cənab İlham Əliyev bu il sentyabrın 6-da Beynəlxalq Çernobbio Forumunda iştirakı zamanı bu mövzuya toxunaraq Rusiya ilə Ukrayna arasında münaqişənin həllində Azərbaycanın da iştirakının mümkünlüyünü istisna etmədiyini bildirmişdi: "Bizdə müəyyən nikbinlik var. Çünki biz bu kontekstdə hər iki ölkə ilə təmasdayıq və görürük ki, ciddi irəliləyiş üçün zəmin var. Ancaq tərəfimdən təfərrüatların açıqlanması erkən olar. Burada uğura nail ola bilsək, zənnimcə biz bütün regionu viran edən bu müharibəyə son qoymaq üçün əlavə addımlar ata bilərik". Bu fikirlər özlüyündə Azərbaycanın münaqişədə neytral mövqeyini ortaya qoyur. Ölkə başçımız İlham Əliyev dəfələrlə vurğulayıb ki, münaqişənin uzanması həm regional, həm də qlobal sabitliyə zərbə vurur. O, Azərbaycanın neytral və balanslı siyasətini qoruyaraq, Bakının sülh görüşləri üçün məkan kimi vacibliyini nümayiş etdirib. Əslində, Bakı artıq dəfələrlə beynəlxalq əhəmiyyətli görüşlərə ev sahibliyi edərək sülh platforması kimi nüfuzunu təsdiqləyib.
Azərbaycanın 2020-ci ildə öz münaqişəsini sülh yolu ilə həll etmək üçün göstərdiyi səylər və beynəlxalq hüquqa əsaslanan yanaşması digər münaqişələrə də örnəkdir. Bakı, bu 1000 gün ərzində də bir daha göstərdi ki, müxtəlif tərəflər arasında dialoq üçün etibarlı platforma təqdim edə bilər.
Qərbin birtərəfli yanaşması və münaqişəni qızışdıran addımlarına qarşı Azərbaycanın çağırışları obyektiv və sülhpərvər siyasəti dünyaya nümunə xarakteri daşıyır. Cənab İlham Əliyevin də dəfələrlə dediyi kimi, münaqişələrin hərbi həlli yoxdur. Bu yanaşma beynəlxalq ictimaiyyətin diqqətini müharibənin fəsadlarına yönəldir və sülhün zəruriliyini ortaya qoyur.
Azərbaycanın Rusiya-Ukrayna müharibəsində neytral mövqeyini faktlarla göstərmək lazım gələrsə, 17 iyul 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Energetika Nazirliyinə vəsait ayrılması haqqında Sərəncam imzalayıb. Bu yardımın həcmi 7,6 milyon manat təşkil edib. Ümumilikdə isə, bu ilin ortasına qədər olan məlumata görə, ölkəmiz Ukraynaya bu günə qədər 40 milyon dollarlıq yardım edib. Altından xətt çəkərək qeyd etmək lazım deyil ki, bu yardımların heç biri hərbi məqsədli olmayıb. 1000 gün ərzində ölkəmiz müxtəlif dövrlərdə Ukraynaya humanitar yardım karvanı göndərib.
Qərb ölkələrindən fərqli olaraq Azərbaycan Moskva ilə də Ukrayna ilə olduğu kimi münaqişə məsələsində neytral mövqedə dayanıb. Kollektiv Qərbin Rusiyaya qarşı bir növ "qısnama" siyasəti yürütməsinin əksinə ölkəmiz şimal qonşusu ilə əlaqələrini gücləndirib. 2 il ərzində ölkə başçıları səviyyəsində çoxlu sayda görüşlər təşkil edilib, müharibənin aktiv fazasının dayandırılması fonunda diskussiyalar aparılıb. Davam edən müharibə qlobal miqyasda bir çox problemlər və böhranlar yaradıb. Ölkəmiz də bu narahatlıqların fərqindədir və balanslı mövqe yürüdərək eskalasiyanın dərinləşməməsi və müharibənin sona çatması üçün öz səylərini davam etdirir.
Rusiya-Ukrayna müharibəsi regional geosiyasi vəziyyəti kökündən dəyişdirərək, yalnız enerji sektorunda deyil, həm də logistik sahədə ciddi problemlərə səbəb olur. Azərbaycan bu münaqişənin təsirlərini hiss edir, çünki əsas nəqliyyat dəhlizləri və tranzit yolları üzərində yerləşir. Müharibə nəticəsində yaranan qeyri-müəyyənlik və təchizat zəncirindəki pozulmalar ölkəmizin xarici ticarətinə və logistik potensialına birbaşa təsir edir. Misal üçün, Müharibə səbəbindən yüklərin böyük hissəsi Şərqə, xüsusən də Çinə yönəlir ki, bu da Azərbaycan üzərindən keçən dəhlizlərin əhəmiyyətini artırır, amma eyni zamanda tıxac və logistika problemlərini də dərinləşdirir. Lakin, buna baxmayaraq ölkəmiz alternativ yollar taparaq öz güclü xəttini qorumaq iqtidarında olduğunu göstərir. Rusiya-Ukrayna müharibəsi səbəbindən yaranan çətinliklərə baxmayaraq, Azərbaycan regional logistik sistemdəki mövqeyini qorumaq və hətta möhkəmləndirmək üçün çevik strategiyalar həyata keçirir. Çin, Orta Asiya və Avropa arasında Azərbaycanın vasitəçi kimi çıxış etməsi, həmçinin Ələt Beynəlxalq Dəniz Ticarət Limanı artıq regionda əsas logistika mərkəzlərindən birinə çevrilməsi və Azərbaycanın Türkiyə, Gürcüstan və Orta Asiya ölkələri ilə əməkdaşlığını gücləndirərməsi ölkəmizin daima alternativ həllərinin olduğunu ortaya qoyur. Bu isə o deməkdir ki, Rusiya-Ukrayna müharibəsinin həlli rəsmi Bakı üçün həyati önəm daşımır. Ölkəmiz münaqişə zamanı hər iki tərəfdən infrastrukturun dağıdılması, günahsız insanların həyatını itirməsi və yaranmış qlobal böhranın əleyhinədir. Lakin, təəssüf 1000-ci günündə belə qərəzli dairələr münaqişənin həlli üçün addım atmaq əvəzinə, onu daha da alovlandırmağa davam edir.
Rusiya-Ukrayna müharibəsinin 1000-ci günü bütün dünya üçün həm dərs, həm də sülh axtarışlarının vacibliyini xatırladır. Ölkəmiz bu prosesdə həm öz təcrübəsi ilə həm də balanslı siyasəti ilə xüsusi yer tutur. Bu qanlı münaqişənin bitməsi Qərbin daha konstruktiv və məsuliyyətli addımlar atmasından, tərəflərin dialoqa məcbur edilməsindən və Azərbaycanın kimi neytral vasitəçilərin rolunun dəyərləndirilməsindən asılıdır. Bakı 1000 gün ərzində olduğu kimi bundan sonra da münaqişənin həllində və dünyada sülhün və sabitliyin ünvanı olaraq qalmaq niyyətindədir. Hazırda ölkəmizdə keçirilən COP29 tədbirinin də əsas məqsədlərindən biri dünyaya atəşkəs çağırış elan etməkdir.
Tacir Sadıqov