Ölkəmiz qədim tarixi və müasir dünyaya inteqrasiya olunmuş unikal mədəniyyəti ilə hazırda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edir. Bu tədbir ölkəmizin qlobal səhnədəki mövqeyini möhkəmləndirir və iqlim dəyişmələri ilə mübarizədə regional liderliyimizi nümayiş etdirir. Konfransın Bakıda keçirilməsi Azərbaycanın dayanıqlı inkişaf prinsiplərinə sadiqliyini və bəşəriyyətin ən önəmli problemlərindən birinə həll tapmaq üçün beynəlxalq əməkdaşlığa verdiyi töhfəni açıq şəkildə göstərir. Hazırda tədbir çərçivəsində Azərbaycanın zəngin təbii resurslarını və müasir yaşıl enerji strategiyalarını birləşdirən vizyonu dünya liderləri, alimlər və ekspertlər üçün unikal platforma yaradır. COP29 həm qlobal səyləri birləşdirir, həm də Azərbaycanın "yaşıl iqtisadiyyat" istiqamətindəki ambisiyalı hədəflərini ön plana çıxarır.
Ölkəmiz hazırda COP29 çərçivəsində, eyni zamanda qlobal miqyasda daha həssas və zəif mövqedə olan ölkələrin, xüsusilə kiçik ada dövlətlərinin problemlərini ön plana çıxarır. İqlim dəyişmələrindən ən çox zərər çəkən bu dövlətlər, dəniz səviyyəsinin yüksəlməsi, təbii fəlakətlərin intensivləşməsi və resurs çatışmazlığı kimi ciddi təhlükələrlə üz-üzədir. Azərbaycan beynəlxalq əməkdaşlıq və həmrəylik prinsiplərinə əsaslanaraq bu dövlətlərin səsinin eşidilməsinə xüsusi diqqət yetirir. Konfransda keçirilən müzakirələr və plenar iclaslar zamanı ölkəmiz kiçik ada dövlətlərinin ehtiyaclarını dünya liderlərinə çatdırır, onların maliyyə, texnologiya və adaptasiya imkanlarına çıxışının genişləndirilməsi üçün real həll yolları təklif edir. Bakı bu təşəbbüslə həm də bəşəriyyətin ortaq taleyinə olan məsuliyyətini vurğulayır. Azərbaycan "heç kəs geridə qalmasın" prinsipi ilə hərəkət edərək bu dövlətlərin mövqeyini gücləndirməsi, ölkəmizin qlobal ədalət və iqlim diplomatiyasında oynadığı mühüm rolu bir daha təsdiqləyir.
Kiçik Ada Dövlətləri (KAD) əsasən Karib, Sakit okean, həmçinin Atlantik, Hind okeanı və Cənubi Çin dənizində yerləşən 39 ölkəni əhatə edir. Bu ölkələrin sayı milyonlarla olan əhalisi iqlim dəyişmələrinin fəsadlarını ən ağır şəkildə yaşayan insanlardır. Həm təbii resursların məhdudluğu, həm də təbii fəlakətlərin artması onların iqtisadiyyatına və həyatına ciddi təsir göstərir. Bu ölkələrin bir çoxunda sahil xəttlərinin eroziyası, içməli suyun şorlaşması və torpaqların itirilməsi müşahidə olunur. Məsələn, Maldiv və Tuvalu kimi ölkələrdə dəniz səviyyəsinin qalxması nəticəsində bütöv ərazilərin su altında qalması təhlükəsi var. Tropik siklonlar, daşqınlar və quraqlıqlar kimi fəlakətlər KAD-in iqtisadiyyatına və infrastrukturuna hər il milyardlarla dollar ziyan vurur. Məsələn, KAD-də hər bir təbii fəlakətdən sonra əhalinin orta hesabla 18%-i zərər çəkir, bu göstərici dünya ortalamasından üç dəfə çoxdur. Həmçinin bu dövlətlər xarici bazarlardan böyük ölçüdə asılıdır. Onların iqtisadiyyatı əsasən turizm və balıqçılıq kimi sahələrə əsaslanır. Lakin turizm sektoru iqlim dəyişmələrinə, xüsusilə təbii fəlakətlərə çox həssasdır. KAD-lər qlobal karbon emissiyalarına 1%-dən az töhfə versələr də, iqlim dəyişikliyinin ən ağır nəticələri ilə üzləşirlər. Onların beynəlxalq maliyyə vəsaitlərinə çıxışı məhduddur və tez-tez vəd edilən yardımlar ya gecikir, ya da yerinə yetirilmir.
Məsələn, bu ərazilərdə baş verən təbii fəlakətlərə nəzər salaq, Karib dənizi regionunda yerləşən Dominika 2017-ci ildə "Maria" qasırğası ilə sarsıldı ki, bu təbii fəlakət ölkənin ÜDM-nin 226%-i qədər iqtisadi zərər vurdu və infrastrukturun böyük hissəsini məhv etdi. Sakit okeanın kiçik dövlətlərindən biri olan Kiribati, dəniz səviyyəsinin artması səbəbindən tədricən öz ərazisinin böyük hissəsini itirir. Maldiv adalarında isə duzlu suyun içməli su ehtiyatlarına qarışması əhalinin sağlamlığı və kənd təsərrüfatını təhlükə altına alır. Bundan əlavə, Fiji 2016-cı ildə tarixində ən güclü tropik siklon olan "Winston" ilə qarşılaşdı, bu isə minlərlə insanın evsiz qalmasına səbəb oldu.
Bu fəlakətlər yalnız bir təbii hadisənin nəticəsi deyil, iqlim dəyişmələri bu hadisələri daha tez-tez və şiddətli hala gətirir. Bu ölkələr beynəlxalq platformalarda adaptasiya üçün maliyyə və texnoloji dəstək tələb etsə də, qlobal öhdəliklər çox vaxt yerinə yetirilmir. Təəssüf ki, bu dövlətlərin üzləşdiyi fəlakətlər dünyaya yalnız qısa müddətli diqqət qazandırır və real həll yollarına çevrilmir.
Qərb ölkələri hər il KAD-lərə iqlim dəyişikliyi ilə mübarizə üçün 100 milyard dollar maliyyə yardımı vəd etsələr də, bu öhdəliklər nadir hallarda həyata keçirilir. Bunun əksinə, Azərbaycan KAD-lərə həm iqlim dəyişikliklərinə adaptasiya, həm də davamlı enerji mənbələrinin inkişafı üçün konkret dəstək göstərir. Azərbaycanın təcrübəsi, xüsusilə bərpa olunan enerji sahəsində inkişafı KAD-lərə dayanıqlı həll yolları təklif etməklə onların iqlim müqavimətini artırmağa kömək edir. Bu dəstək beynəlxalq arenada Azərbaycanın humanitar və ekoloji təşəbbüslərlə fəal iştirak etdiyini göstərir. COP29 çərçivəsində Azərbaycan KAD-lərin səslərinin eşidilməsinə yardım edərək onların problemlərini daha geniş miqyasda müzakirəyə çıxarır və real həll yollarını təşviq edir.
Kiçik ada dövlətləri qlobal iqlim dəyişikliyinin təsirindən əziyyət çəkərkən, Qərb dövlətlərinin “yardım” vədləri uzun illərdir kağız üzərində qalır. “100 milyard dollar vəsait ayıracağıq” deyə boy göstərənlər elə həmin vədi verdikləri platformada mövzunu dəyişib başqa prioritetlərə keçirirlər. Kiçik ada dövlətlərindən tələb olunan isə hər dəfə eyni olur: daha çox gözləyin, daha çox adaptasiya olun və ya sadəcə özünüz probleminizi həll edin. Əlbəttə, “beynəlxalq maliyyə mexanizmləri” haqqında çıxışlar etmək asandır amma real addımlar atmaq Qərbin prioritetləri sırasında görünmür. Zəlzələ, daşqın və ya siklon zamanı ada dövlətləri maddi zərərin altında əzilərkən, Qərb ölkələri eyni sual verir: “Bunu niyə özünüz həll etmirsiniz?” Halbuki onlar, iqlim dəyişmələrinin əsas səbəbkarları, nəticələrdən ən az əziyyət çəkənlərdir.
Azərbaycan kimi ölkələr isə fərqli mövqe nümayiş etdirir – konkret yardım, texnoloji dəstək və qlobal ədalət üçün səmimi təşəbbüslərlə. Yəni, “məsuliyyəti paylaşmaq” deyiminin təkcə gözəl ifadə olmadığını göstərir. Görünür, Qərbin bu dərsi öyrənməsi üçün hələ çox vaxt lazımdır.
Ləman Təhməz