Mədəniyyət

Azərbaycan ədəbiyyatının tanınmış yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı Elxan Elatlı yeni kitabının təqdimatında Crossmedia.az saytının suallarını cavablayıb. 

-Siz müsahibələrinizin birində əsərlərinizin filmə çevrilməsinə laqeyd yanaşdığınızı deyibsiniz. Oxucuların seçilən aktyorla xəyal qırıqlığı yaşaya biləcəyini vurğulayıbsınız. Bəs "Susan qadın" əsərinin filmə çevrilməsinə necə razı oldunuz? Və aktyor seçimində iştirak etmisiniz?

-Mən heç vaxt narazı olmamışam. İyirmidən çox təklif olub, onlardan heç birinə narazı olmamışam. Xeyir dua vermişəm, gedin çəkin, amma laqeyd olmuşam. Çünki, film daha çox rejissorun əsəridir. Və bir az da məndə inam yoxdur ki, Azərbaycanda elə bir film çəkərlər ki, o məni də valeh eləsin. Amma sevindim ki, bu romana film çəkilir. Qaldı ki, bu filmdə rejissor Faiq bəyin ciddi yanaşmasını gördüm və inandım ki, bu film çəkiləcək. Özüm də onunla əlaqə saxladım. Aktyorlara qarışmadım, sadəcə Qanbay Qasımlı rolunu kimə verəcəyinin fotosunu göstərdi. Adı yadımda qalmadı, amma bəyəndim. Bir də qızlardan bir neçəsini göstərdi. Kim olacaq onlara da etiraz etmədim, çünki o, məndən daha yaxşı bilir bu işləri. Rejissora bir qədər imkan yaratmaq lazımdır, çünki yenə deyirəm, əsər onun əsəri olacaq.

-Qanbay Qasımlı xarakteri sona qədər, tədqiqat bitməmiş danışmır. Bəs siz necə? Əsəriniz bitmədən onun haqqında kiməsə bəhs edirsiniz?

- Yox, heç nə danışmıram. Hətta adını da demirəm, çünki dəyişə bilər. Dəyişəndə bir qədər anlaşılmazlıq yarana bilər ki, Elxan müəllim mənə bir ad demişdi, amma ad görünmür. Hansı ki, dəyişmişəm. Ona görə də adı əvvəldən demirəm, hətta 90 faiz dəqiqləşdirsəm də, yenə demirəm.

-Ümumilikdə xarakterinizdən personajlara vermədiyinizi desənizdə başınıza gələn xırda hadisələrə əsərlərinizdə yer verdiyinizi deyibsiniz. Xüsusən də tələbəlik illərində yaşadığınız hadisələri "14-cü adam" əsərinizdə istifadə etmisiniz.  Bunlara bir neçə nümunə çəkə bilərsiniz?

-Firdovsi orda imtahan verir. Məzəli bir vəziyyət yaranır. Riyaziyyat fakültəsində oxuyan tələbə üçün sovet dövründə bəzi fənlər çox vacib deyildi, sonradan da ləğv oldu. Məsələn, tapşırıqla oxumaya-oxumaya qiymət alırdılar və mən özüm də elə oxumadan neçəsini tapşırıq vasitəsilə almışam. Bu dəqiq mənim başıma gələndi. İndi deyirsiniz ki, xarakterimdən heç nə vermirəm, hardasa özümdən asılı olmayaraq xarakterimdəndə verirəm. Məsələn, Qasımlıya daha çox aşılamışam. Çoxları da bunu deyir. Başqa müsbət qəhrəmanlara, məsələn, vətənpərvərlik hissimdən ələmdara çox vermişəm. Hətta bəzən mənfi obraza da öz mənfiliyimdən nəsə verə bilirəm.

-Tərzinizi oxucular çox bəyənir. Bu tərzin formalaşmasında sizə ən çox təsir edən amil, yazar yaxud əsərlər varmı?

-Bəlkə yazıçılıq istedadı elə budur. Sözsüz ki, bir az vergi var. Amma eyni zamanda uşaqlıqdan oxuduğum kitablar bu tərzi müəyyənləşdirib. Kimlərinsə tərzini bəyənmişəm, amma indi onu yadda saxlaya bilmərəm. Heç elə bir yazıçı adı çəkə bilmərəm ki, onun tərzini götürmüşəm. Hərədən bir damla götürürsən, xəbərin olmur. Bəzən misal çəkirəm ki, arı bir gündə deyilənə görə, bəzən 1000000 çiçəyə qonur və gətirdiklərindən bal düzəldir. Arıdan soruşsalar, heç biri yadında qalmır. İndi çox kitab oxuyursan, hamısı yığılır beynin alt qatına. İllərlə qalır, bir roman yazmaq istəyəndə elə bil ki, ordan qaynayıb çıxır. Bəzən deyirlər ki, təb gələndə gəlir, özün də bilmirsən ki, nələri hardan götürmüsən, sadəcə yığılıb sən də bir həyat təcrübəsi yaranıb. Tərzin özünə də bəlkə çoxlu kitablar oxuyan tənqidçi məndən daha yaxşı cavab verər. Heç məni iş burasındadır ki, tənqidçilər bu qədər araşdırmırlar, elə tənqid edən qarasına tənqid eləyir, tərifləyəndə kitabı oxuyur, tərifləyir. Onlar bəlkə deyə bilər ki, Elxan Müəllimin tərzi sanki filan yazıçının tərzinə oxşayır. Onda mən cavab verərəm, ola bilsin, mən o adamı oxumuşam, sevmişəm, yoxsa heç bəlkə də oxumamışam.

-Məncə sizin özünüzə xas üslubunuz var.

- Mənə də elə gəlir. Mən elə deyərdim ki, müsbət cəhətim odur ki, mən əlimə qələm alan vaxtdan kimisə yamsılamağı qətiyyən istəmədim. Həyatda da sevmədiyim bir şeydir. Bəzən bir insanı hansısa daha yaraşıqlı, məşhur birinə bənzədəndə sevinir. Hətta bəzən özü gedib deyir ki, görürsünüz, mən filankəsə oxşayıram. Mən qətiyyən sevmirəm ki, kiməsə bənzədilim. Qoy kimlərdənsə ikinci, üçüncü dərəcəli, aşağı səviyyəli olmağımı desinlər, bundan incimərəm. Ancaq sən filankəsə bənzəyirsən, istər sifətdən desən inciyərəm, istərsə də romanlarımın tərzindən, qətiyyən kiməsə bənzəmək istəmərəm. İlk dedektiv hekayələrdə ola bilər ki, azacıq Konan Doyl, Georges Simenon ya kimisə azacıq nədənsə yamsılaya bilərəm. Ancaq ilk romanımdan başlayaraq, mənə elə gəlir ki, öz üslubumu yaratmışam.

-Əsərlərinizdə həmişə yazmağa çəkindiyiniz, ya da daxili senzura ilə saxladığınız hansı məqamlar var? Heç yazmağa tərəddüd etdiyiniz bir səhnə olubmu?

-Senzuradan soruşanda, mən deyirəm ki, hələ indiyə qədər dövlət orqanları, bir dəfə də mənim işimə qarışmayıblar və nədəsə mənə dur deməyiblər. Amma ictimaiyyətin senzurası daha kəskindir. Elə şeylər olur ki, mən nələrisə daha kəskin yazardım, amma bu ölkədə yaşayıb, adam qarşısına çıxıramsa, bəzi şeyləri yazmaqdan çəkinmişəm.

Sevinc Abuşova

Emil Nağızadə

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il