COP29

Bildiyimiz kimi noyabrın 11-dən başlayaraq Azərbaycanda iqlim konfransının 29-cu sessiyası, COP29 keçirilir. Bütün dünyanı narahat edən ekoloji problemlərin həlli üçün 198 dövlətdən nümayəndələr bu konfransda iştirak edir. Lakin bəzi dövlətlər iştirakdan imtina edib.  Bəs, iştirak etməyən dövlətlərin yoxluğu konfransın müzakirələrinə və nəticələrinə necə təsir göstərəcək? Həmin dövlətlərin iştirakı konfransın uğuruna nə dərəcədə töhfə verə bilərdi?

Mövzu ilə bağlı politoloq Natiq Miri Crossmedia.az-a açıqlamasında bildirib ki: "Bəzi dövlətlərin iştirak etməməsi bu tədbirin siyasiləşdirilməsinin nəticəsidir. Ancaq COP iqlim üzrə konfranslar bütün insanlara aiddir, tək Azərbaycana deyil. Azərbaycan sadəcə vasitəçidir. Buna görə də kimlər iştirak etmirsə və bu mövzu siyasiləşdirilirsə, bu dövlətlər insanlığa xidmətdən danışa bilməz. Bu şüursuz davranışdır. Qlobal ekoloji problemlər bütün dünyanın problemləridir və onların həlli ətrafında birləşmək tələb edir. Bizim müraciət və dəvətimiz bütün insanlıq adınadır. Bu təklifi qəbul etməyənlər öz kimliyini ortaya qoydu. Bütün dünyanı narahat edən məsələ ətrafında birləşmək əvəzinə, siyasi məsələləri ortaya qoyanlar və bu tədbiri siyasiləşdirənlər şüurla yox, instinkt və heyvani hisslərlə hərəkət edirlər. Burada dövlətlərin şəxsi mənfəətindən söz gedə bilməz, burada bütün dünya əhalisinin rifahı və sağlam şəraitdə yaşaması prioritetdir".

İştirak etməyən dövlətlərdən danışarkən Natiq Miri qeyd edib ki: "Hər şey iştirak edənlərdən asılı deyil. COP29-un digərlərindən fərqi odur ki, burada birbaşa maliyyə məsələləri və bu maliyyənin tapılması məsələləri müzakirə edilir. Bu gün Azərbaycanın COP29 tədbirini boykot etməyə çalışan Fransanın 2015-ci ildə qəbul edilmiş 6.4 maddəsinin biləvasitə reallaşdırılması üçün Azərbaycanda qərarlar qəbul edilir. Onların iştirak edib-etməməsinin əhəmiyyəti yoxdur. Bu gün Azərbaycanda 80 prezident, mütəxəssis və ekspert çalışır ki, bu 22 noyabra qədər davam edəcək. Burada bütün dünyanın gələcək taleyini müəyyən edəcək qərarlar qəbul olunacaq. Bu tədbirdə iştirakdan imtina edənlər, xüsusən də bu tədbirdən tamamilə çıxan ABŞ-nin təfəkkürü biznesmen və kapitalist təfəkkürüdür".

Beləliklə, iştirak etməyən dövlətlərin yoxluğu COP29 konfransının müzakirələrinə və nəticələrinə müəyyən təsir göstərə bilər. Ancaq, tədbirin əsas məqsədi qlobal ekoloji problemlərin həlli və dünya əhalisinin rifahının təmin olunmasıdır. İştirak edən dövlətlər və mütəxəssislər tərəfindən qəbul ediləcək qərarlar, gələcəkdə daha yaşanabilir və davamlı bir dünya yaratmaq üçün əhəmiyyətli addımlar ola bilər. Siyasi və şəxsi maraqlardan asılı olmayaraq, bütün dünya dövlətləri bu məsələdə birləşərək, insanların və təbiətin gələcəyini qorumaq üçün məsuliyyət daşımalıdırlar.

Ayhan Ağarzayev

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il