Albaniyadan diqqət çəkən etiraf: Alternativ qalmayıb
Albaniyanın Baş naziri Edi Rama ölkəsinin Avropa İttifaqına üzvlükdən başqa alternativinin olmadığını bildirib.
Crossmedia.az xəbər verir ki, Edi Rama albanları Avropa İttifaqına inanan və bu istiqamətdə başqa planı olmayan insanlar kimi xarakterizə edib.
O qeyd edib ki, Albaniya 2014-cü ildən Aİ-yə namizəd ölkə statusuna malik olsa da, ənənəvi üzvlük prosesi olduqca ləng irəliləyir. Baş nazir namizəd ölkələrin tamhüquqlu üzv olmadan əvvəl Aİ ölkələri ilə eyni masa arxasında təmsil olunmasına və müəyyən üstünlüklərdən yararlanmasına imkan verən mərhələli inteqrasiya modelini dəstəklədiyini vurğulayıb.
Ramanın sözlərinə görə, üzvlük prosesinin uzanması insanların Avropa İttifaqına inamını zəiflədir. Bu isə Qərbi Balkanlarda anti-Aİ qüvvələrinin və Rusiyanın təsir imkanlarını artırır.
Baş nazir Moldova nümunəsini göstərərək bildirib ki, Rusiyanın müdaxilələri nəticəsində bu ölkədə ictimai rəy demək olar ki, Avropaya qarşı yönəlmək həddinə çatıb.
Edi Rama Ukraynadakı müharibəyə də toxunub. O bildirib ki, Rusiya hazırda insanların ölümünə səbəb olan tərəf kimi çıxış etsə də, müharibənin dayandırılması və sülhə nail olunması üçün Avropa liderləri Moskva ilə diplomatik danışıqlara başlamalıdırlar.
00:18 11.06.2026
Oxunuş sayı: 54