Zaxarova UNESCO, BMT və ATƏT-in fəaliyyətini tənqid edib
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Qərb ölkələrini demokratik cəmiyyət prinsiplərini və fundamental insan hüquqlarını pozmaqda ittiham edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, M. Zaxarova UNESCO, BMT və ATƏT kimi beynəlxalq qurumların bu hallara qarşı səssiz qaldığını bildirib. O, qeyd edib ki, həmin təşkilatların əsas vəzifəsi məhz bu kimi halların qarşısını almaqdır.
Ümumdünya Mətbuat Azadlığı Günü ilə bağlı yayımlanan şərhdə M. Zaxarova beynəlxalq institutların Ukrayna hakimiyyətinin dinc əhaliyə qarşı törədildiyi iddia olunan cinayətlərə də göz yumduğunu bildirib. O vurğulayıb ki, beynəlxalq humanitar hüquqa əsasən media nümayəndələri də mülki şəxslər hesab olunur.
Onun sözlərinə görə, beynəlxalq təşkilatlar rusiyalı jurnalist və hərbi müxbirlərə qarşı hücumları əksər hallarda görməzdən gəlir və yalnız formal açıqlamalarla kifayətlənirlər.
M. Zaxarova əlavə edib ki, Rusiya tərəfi rusiyalı vətəndaşlara qarşı törədilən hər bir cinayət və ya terror aktı ilə bağlı konkret reaksiya tələb etməkdə davam edəcək.
O, həmçinin bildirib ki, rusiyalı jurnalistlərin peşə hüquqlarının pozulması yeni formalar almaqdadır. M. Zaxarovanın iddiasına görə, bəzi hallarda jurnalistlərə qarşı saxta cinayət işləri açılır, onlara və ailə üzvlərinə təzyiq göstərilir.
14:20 03.05.2026
Oxunuş sayı: 68