Tramp Almaniyadan qoşunların çıxarılacağını açıqlayıb
Donald Tramp ABŞ-nin Almaniyadakı hərbi mövcudluğunu əhəmiyyətli dərəcədə azaltmağı planlaşdırdığını açıqlayıb. Onun sözlərinə görə, söhbət yalnız əvvəllər elan olunan 5 min hərbçinin çıxarılmasından deyil, bundan daha böyük miqyaslı ixtisardan gedir.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ lideri "Biz qoşun sayını ciddi şəkildə azaldacağıq və 5 mindən daha çox hərbçini çıxaracağıq", – deyə bildirib.
Ötən ilin sonuna olan məlumata əsasən Almaniyada 36 min 500 amerikalı hərbçi yerləşdirilib. Müqayisə üçün qeyd olunur ki, 1989-cu ildə Qərbi Almaniyada ABŞ hərbçilərinin sayı təxminən 250 min nəfər idi.
Məlumata görə, ABŞ-nin Avropadakı ən böyük aviabazası Almaniyanın cənub-qərbində yerləşən Ramştayn yaxınlığındadır. Həmin baza Ukraynaya silah tədarükünün koordinasiyası baxımından mühüm əhəmiyyət daşıyır.
Qoşunların Almaniyadan çıxarılması perspektivi Trampın NATO ölkələrinin ABŞ-nin İrana qarşı müharibəsi zamanı Vaşinqtona kifayət qədər dəstək vermədiyini düşünməsi fonunda gündəmə gəlib. Bildirilir ki, ABŞ lideri alyans daxilində bəzi ölkələrə qarşı “cəza tədbirləri” variantlarını da nəzərdən keçirir.
Qeyd olunur ki, Vaşinqtonun mümkün addımı Avropaya təhlükəsizlik məsələlərində daha çox öz imkanlarına güvənməsi ilə bağlı mesaj kimi qiymətləndirilir. Bu isə xüsusilə Rusiya–Ukrayna müharibəsinin davam etdiyi bir dövrdə diqqət çəkən məqam hesab olunur.
13:30 03.05.2026
Oxunuş sayı: 639