ABŞ-nin ikinci adamı Azərbaycana gəlir: Qovluğunda nələr var?
Cənubi Qafqazın geosiyasi və iqtisadi əhəmiyyətinin artdığı bir dövrdə yüksək səviyyəli diplomatik təmaslar yalnız ikitərəfli münasibətlərin inkişafı ilə məhdudlaşmır, eyni zamanda regionun gələcək inkişaf trayektoriyasını müəyyənləşdirən mühüm siyasi və iqtisadi mesajlar daşıyır. Qlobal rəqabətin yeni mərhələyə keçdiyi, diplomatiyanın iqtisadi maraqlar və texnoloji əməkdaşlıq üzərindən formalaşdığı indiki şəraitdə Azərbaycan regionda sabitlik, əlaqələndirilmiş inkişaf və qarşılıqlı faydalı tərəfdaşlıq modelini önə çıxaran əsas aktorlardan biri kimi çıxış edir. ABŞ ilə münasibətlərin yeni mərhələyə qədəm qoyması isə təkcə siyasi dialoqun genişlənməsi deyil, həm də rəqəmsal iqtisadiyyat, logistika, enerji və innovasiya sahələrində strateji əməkdaşlığın dərinləşməsi baxımından diqqət çəkir. Bu proses fonunda Azərbaycan regional inteqrasiya və iqtisadi əməkdaşlıq platforması kimi öz mövqeyini daha da möhkəmləndirərək, Cənubi Qafqazın vahid inkişaf məkanına çevrilməsi istiqamətində yeni imkanlar formalaşdırır.
Milli Məclisin deputatı Azər Badamov ABŞ vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycana səfərinin əhəmiyyəti ilə bağlı fikirlərini Crossmedia.az-la bölüşüb: “Vensin Azərbaycana səfəri son illərdə ABŞ-dən Azərbaycana həyata keçirilən ən yüksək səviyyəli səfər olmaqla kifayətlənməyən, həm də iki ölkə və regional əməkdaşlığın genişləndirilməsinə güclü təkan verən, Cənubi Qafqazda sülh və təhükəsizliyin təmin edilməsinin möhkəmləndirilməsinə paralel olaraq regionun iqtisadi fərqliliyini, disbalansı nəzərə alaraq əlaqələndirmə, inkişaf və birləşmə yaradır, dünyaya haçalanmış və parçalanmış deyil, yekdil qərarı olan bütöv bir region təqdim edir. Bu bütövlüyü yaradan isə bütöv Azərbaycanı bərpa edən, bütöv region quran və bütöv şəxsiyyət olan cənab İlham Əliyevdir. Səfər öncəsi cənab Prezident İlham Əliyev tərəfindən 31 şirkətdən 60 nəfər nümayəndənin təmsil olunduğu ABŞ Ticarət Palatasının qəbul edilməsi ondan xəbər verir ki, rabitə, süni intellekt, data mərkəzlərinin yaradılması əsas hədəflərdəndir. İqtisadi əlaqələrimizin məhz görmək istədiyimiz səviyyəyə qaldırılması üçün ABŞ iqtisadiyyatının müxtəlif seqmentləri ölkəmizə və regionumuza ayaq açır. Bu istiqamətdə Azərbaycan Prezidentinin rəhbərliyi altında hökumətimizin fəal iş ərsəyə gətirməsi nümayəndə heyəti tərəfindən bir daha vurğulandı və təqdir edildi. Məhz buna görədir ki, son zamanlarda Azərbaycan Prezidenti sabitliyin regional sərhədlər boyu vacibliyinə vurğu edirdi. Rəqəmsallaşdırma ilə hökumətlərarası sazişlər diqqətdə saxlanılmalı, eyni profilli qurumların institusional koordinasiyası aparılmalıdır. Bunları tamamlayaraq, böhranlar zamanı koordinasiya müvafiq regional, qlobal və ikitərəfli ticarət və nəqliyyat sazişləri üzrə gələcək danışıqlarda da institusionallaşdırıla bilər. Bu gün diplomatiya özünü kommersiya sövdələşmələri ilə əvəz edir, beynəlxalq nizamı isə ortaq məcburi qaydalar sistemi deyil, bir sıra əməliyyatlar kimi qəbul edirlər. Bu əməliyyatlar isə konkret layihələrin icrası deməkdir. Bu, mövcud siyasi dünyagörüşün ifadəsidir. Bu gün xarici siyasətdə məcburi radikal dəyişikliklərə çevik reaksiya vermək deyil, inkişaf cərəyanı formalaşdırmaq, hədəf oxlarının ənənəvi qaydada öyrəşdiyimiz istiqamətlərdən kənara çıxmasına hazır olmaq üçün dəqiq proqnozlaşdırmalar vacibdir”.
Deputat əlavə edib ki, bu gün dövlətlər deyil, böyük şirkətlər ticarət və nəqliyyatda asanlaşdırma tədbirlərindən necə istifadə edə biləcəklərini araşdırırlar: “Böhran, həmçinin şəffaflıq və institusional koordinasiya, gömrük prosedurlarının sadələşdirilməsi və sürətləndirilmiş rəsmiləşdirmə, rəqəmsal ticarət, tranzit və nəqliyyat asanlaşdırması tədbirləri və ticarət maliyyələşdirilməsi sahələrində regionda ticarət və nəqliyyat arasında asanlaşdırma tədbirlərinin tətbiqini sürətləndirib. Bu gün dünyanın iri şirkətləri böyük dövlətlərin də birbaşa təmsilçilərinə çevrilirlər. Bu baxımdan da bir az qeyri-adi olan mənzərə də yaranır ki, siyasi münasibətlər iqtisadi əlaqələri üstələyir. Regional logistika və iqtisadiyyatın əlaqələndirilmiş inkişafı sadəcə iqtisadi tərəqqi üçün deyil, həm də inkişaf fərqlərinin azaldılması baxımından çox vacibdir. Azərbaycan atdığı addımlarla, aldığı qərarlarla regional, habelə əlaqələndirilmiş inkişaf və birləşmə təcrübəsini dünyaya nümayiş etdirir. İnfrastruktur investisiyası, texnoloji innovasiya, sənaye strukturu və insan kapitalı kimi bir neçə inkişafi istiqamətlərini birləşdirərək rol model qurmaq lazımdır. Ona görə də Ticarət Palatası nümayəndələrini yalnız enerji deyil, texnologiya, qida məhsulları və nəqliyyat sahələri təmsil etdi. Azərbaycan istifadə etmədiyi, istehlak etmədiyi və hələ ki, ixrac etmədiyi təqribən 2 giqavat elektrik enerjisini də təqdim etdi. ABŞ-Azərbaycan münasibətləri ağ kağız üzərindən inkişaf edir”.
Ayhan
15:42 10.02.2026
Oxunuş sayı: 1339