Azərbaycan və Ermənistan arasında "buzlar əriyir"- Perspektiv nə vəd edir?
Azərbaycan və Ermənistan arasında uzun illər davam edən gərginlik dövründən sonra regionda iqtisadi inteqrasiyanın və sülhün təşviqi istiqamətində mühüm addımlar atılmaqdadır. İkitərəfli ticarət və iqtisadi əməkdaşlıq yalnız dövlətlərarası münasibətlərin normallaşmasının göstəricisi deyil, həm də geniş ictimaiyyət üçün sülhün real faydalarını hiss etməyə imkan yaradır.
Bu kontekstdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında fevralın dördündə Əbu-Dabidə baş tutan görüşdə tərəflərin ikitərəfli ticarətin genişləndirilməsi, neft məhsullarının ixracı və üçüncü ölkələrdən malların Azərbaycan ərazisindən tranziti kimi məsələləri müzakirə etməsi, həmçinin bu proseslərdən hər iki cəmiyyətin faydalandığını vurğulamaları regionda iqtisadi dialoqun güclənməsinin önəmli nümunəsidir.
Liderlərin səsləndirdiyi fikirlər və Cənubi Qafqazdakı mövcud durum barədə Crossmedi.az-a danışan Milli Məclisin deputatı Elşad Musayev deyib ki, Vaşinqtonda əldə olunmuş razılaşmadan sonra Azərbaycan və Ermənistan arasında münasibətlərdə yeni mərhələnin əsası qoyulmuşdur: "Bu razılaşma regionda uzun illər davam edən gərginliyin aradan qaldırılması, qarşılıqlı etimadın bərpası və davamlı sülhün təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bununla yanaşı, bəzi dairələr bu prosesi şübhə altına almağa çalışır və böyük dövlətlərin, xüsusilə də ABŞ-ın rolunu qərəzli şəkildə təhrif edirlər. Halbuki, ABŞ bu prosesdə əsas təminatçılardan biri kimi çıxış edir və regionda sabitliyin bərqərar olmasında maraqlıdır. Ermənistan da, eləcə də digər regional və beynəlxalq aktorlar artıq anlayırlar ki, bu prosesə qarşı çıxmaq onların öz maraqlarına ziddir. Vaşinqtonda əldə olunmuş razılaşma yalnız siyasi deyil, həm də iqtisadi baxımdan yeni imkanlar açır. Gələcəkdə sülh müqaviləsinin imzalanması gözlənilir ki, bu da regionda nəqliyyat-kommunikasiya xətlərinin açılmasına, ticarət dövriyyəsinin artmasına və iqtisadi inteqrasiyanın dərinləşməsinə şərait yaradacaq. Artıq son aylarda tərəflər arasında münasibətlərdə yumşalma müşahidə olunur. “Buzların əriməsi” fonunda Azərbaycan üzərindən Ermənistana müəyyən yüklərin daşınması da bu prosesin praktik nəticəsidir. Bu, onu göstərir ki, əməkdaşlıq mümkündür və qarşılıqlı fayda verə bilər".
Deputat, həmçinin Ermənistan üçün də Azərbaycanla qarşıdurma və konfrontasiya siyasəti davamlı inkişaf deyil, dövlətçiliyin zəifləməsi ilə nəticələnə biləcəyini qeyd edib: "Sülhə doğru atılan hər bir addım isə əksinə, ölkənin regional iqtisadi layihələrdə iştirakına, yeni bazarlara çıxışına və rifahın yüksəlməsinə imkan yaradacaq. Bu baxımdan, regionda davamlı sülhün və sabitliyin təmin olunması üçün Azərbaycanın göstərdiyi səylər yüksək qiymətləndirilməli, iri dövlətlərin də bu prosesə konstruktiv şəkildə töhfə verməsi zəruridir. Ermənistan da bu tarixi fürsəti düzgün dəyərləndirərək sülhə doğru real addımlar atmalı, Azərbaycanla iqtisadi əlaqələrin inkişafına şərait yaratmalıdır. Nəticə etibarilə, dövlət rəhbərlərinin keçirdiyi görüşlərdə əsas məqsəd məhz bu iqtisadi və siyasi əlaqələrin möhkəmləndirilməsi, regionda uzunmüddətli sabitliyin təmin edilməsi olmalıdır. Bu proses ümumilikdə Cənubi Qafqaz üçün müsbət nəticələr vəd edir".
Elmir Heydərli
11:48 06.02.2026
Oxunuş sayı: 477