Azərbaycan–Türkiyə–Avropa beynəlxalq enerji dəhlizi: "Zəngəzur" elektrik ötürmə xətti çəkilir
Naxçıvan Muxtar Respublikası ölkə enerji sisteminə qoşulacaq
Son illərdə Avropanın enerji təhlükəsizliyi anlayışı təkcə mənbə şaxələndirilməsi ilə deyil, elektrik enerjisinin sabit və dayanıqlı ötürülməsi ilə ölçülür. Bu kontekstdə Azərbaycan regionda getdikcə daha mühüm rol oynamağa başlayır. Xəzər hövzəsində formalaşan bərpa olunan enerji potensialı, Azərbaycanın təkcə istehsalçı yox, həm də elektrik enerjisi tranzit mərkəzi kimi mövqeyini gücləndirir.
44 günlük Vətən müharibəsində əldə olunan zəfər, bunun nəticəsində Ermənistanla başladılan sülh prosesi və bunun fonunda Zəngəzur dəhlizi - TRIPP layihəsi Azərbaycanı regionda və Avropada daha cəlbedici edir. Təsadüfi deyil ki, Xəzər–Qara dəniz–Avropa xətti üzrə elektrik interkonnektorlarının yaradılması nəzərdə tutulur. Bu təşəbbüslər Azərbaycanı Cənubi Qafqazda elektrik enerjisinin ötürülməsi baxımından əsas qovşaq ölkəyə çevirir. Xüsusilə, dənizüstü külək və günəş enerjisi hesabına formalaşacaq istehsal gücləri Avropa bazarına yaşıl elektrik ixracı imkanlarını genişləndirir.
Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə birbaşa əlaqəsinin bərpası bu prosesin mühüm tamamlayıcı elementidir. Bu bağlantı elektrik enerjisinin ötürülməsində parçalanmanı aradan qaldırır, enerji sisteminin vahid və dayanıqlı işləməsinə şərait yaradır. Eyni zamanda, Türkiyə üzərindən Avropaya uzanan enerji xətlərinin səmərəliliyi artır və regional enerji təhlükəsizliyi güclənir.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu artır
Beləliklə, Azərbaycan elektrik enerjisi fonunda Avropanın enerji təhlükəsizliyinə uzunmüddətli və struktur töhfə verən ölkə kimi mövqelənir. Bu, ölkəyə həm geosiyasi çəkisinin artması, həm də enerji texnologiyaları və infrastrukturuna əsaslanan yeni iqtisadi dividendlər qazandırır.
Qeyd olunan istiqamətdə artıq əməli fəaliyyətə start verilib. Artıq Naxçıvan Muxtar Respublikasının ölkənin əsas elektrik enerji sistemi ilə birləşdirilməsi, eyni zamanda, Azərbaycan–Türkiyə–Avropa beynəlxalq enerji dəhlizinin formalaşdırılması məqsədilə Zəngəzur xəttinin tikintisinə başlanılıb.

21:01 28.01.2026
Oxunuş sayı: 554