Bratislavada 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar anım tədbiri keçirilib
Azərbaycanın Slovakiyadakı səfirliyi tərəfindən Bratislava şəhərində bu ölkədə yaşayan həmvətənlərimiz, eləcə də Türkiyə, Qazaxıstan və Gürcüstan diplomatlarının iştirakı ilə 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirin əvvəlində Vətənin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycanın Slovakiyadakı səfiri Vüsal Abdullayev çıxış edərək bildirib ki, 20 Yanvar faciəsi keçmiş SSRİ rəhbərliyinin Azərbaycan xalqının milli iradəsini sındırmaq cəhdinin uğursuz olduğunu göstərib. Səfir qeyd edib ki, şəhidlərin fədakarlığı sayəsində xalqımız müstəqillik və suverenliyini yenidən bərpa etmək arzusu ilə irəliləyib.
O xatırladıb ki, 1990-cı il yanvarın 21-də Ümummilli Lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək qanlı hadisələrə sərt etirazını bildirərək mülki əhaliyə qarşı törədilən cinayətə ilk siyasi və hüquqi qiyməti verib.
Səfir, həmçinin 2020-ci il 44 günlük Vətən müharibəsi və 2023-cü il antiterror əməliyyatları zamanı Azərbaycan xalqının həmrəyliyinin, ordumuzun rəşadətinin və ərazi bütövlüyümüzün bərpa edilməsinin önəmini vurğulayıb.
Tədbirin sonunda “20 Yanvar. Danışan talelər” adlı sənədli film nümayiş olunub.
07:31 21.01.2026
Oxunuş sayı: 1126