Küveytdə 20 Yanvar faciəsi qurbanları anılıb
Azərbaycanın Küveytdəki səfirliyində 20 Yanvar faciəsinin 36-cı ildönümü münasibətilə anım tədbiri keçirilib. Tədbirdə Küveytdə yaşayan və təhsil alan Azərbaycan icmasının, eləcə də yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər. Əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə səfir Emil Kərimov bildirib ki, keçmiş SSRİ-nin süqutu ərəfəsində erməni millətçilərinin ölkəmizə qarşı torpaq iddiaları, ekoloji terror aktları və digər təxribatçı addımları Azərbaycan xalqının haqlı narazılığına və kütləvi etirazlarına səbəb olub.
Səfir vurğulayıb ki, 1987–1988-ci illərdə Ermənistandan 250 mindən çox azərbaycanlı zorla deportasiya edilib və bu, azərbaycanlıların bir əsr ərzində dördüncü dəfə məruz qaldığı kütləvi etnik təmizləmə siyasətinin növbəti təzahürü olub. Həmin dövrdə sovet rəhbərliyi isə adekvat tədbirlər görmək əvəzinə erməni separatçılarına dəstək göstərib.
E.Kərimov 20 Yanvar qətliamının nəticələrindən danışaraq bildirib ki, sovet ordusunun qanunsuz hərbi əməliyyatı nəticəsində 147 nəfər həlak olmuş, 744 nəfər ağır yaralanmış, 4 nəfər isə itkin düşüb. Həlak olanlar arasında qadınlar, uşaqlar və yaşlılar da olub.
Səfir 1990-cı il yanvarın 21-də Ümummilli Lider Heydər Əliyevin Moskvada SSRİ rəhbərliyini sərt şəkildə ittiham etdiyini xatırladaraq, bunun informasiya blokadasının yarılmasına və azərbaycanlıların inamının güclənməsinə töhfə verdiyini qeyd edib.
O həmçinin 20 Yanvar şəhidlərinin ailələrinə göstərilən diqqət və sosial müdafiə tədbirlərindən danışıb. Səfir vurğulayıb ki, Azərbaycan xalqı bu faciəni heç zaman unutmayacaq və Vətən uğrunda canını fəda etmiş şəhidlər tarixdə əbədi iz qoyublar.
Tədbirdə Küveyt Universitetində təhsil alan azərbaycanlı tələbə Nərmin Abbasova da çıxış edərək 20 Yanvar faciəsinin xalqın iradəsini sındıra bilmədiyini, əksinə, milli mübarizə ruhunu gücləndirdiyini, həmçinin 2020-ci ildə qazandığımız Zəfərin 20 Yanvar şəhidlərinin qanının yerdə qalmadığını dünyaya nümayiş etdirdiyini bildirib.
Tədbirin sonunda “Tarixin izi ilə – 20 Yanvar” adlı sənədli film nümayiş olunub. Zalda fotostend quraşdırılıb, müxtəlif dövrlərdə səfirliyin dəstəyi ilə ərəb dilində nəşr edilmiş təbliğat materialları iştirakçılara təqdim edilib. Eyni zamanda, 20 Yanvar faciəsi barədə məlumatlar səfirliyin və yerli ərəbdilli elektron xəbər portallarının sosial şəbəkələrində geniş işıqlandırılıb. (Azərtac)
07:19 21.01.2026
Oxunuş sayı: 1160