Amerika Universitetində 20 Yanvar şəhidlərinin xatirəsi yad olunub
ABŞ-ın Vaşinqton şəhərində Amerika Universitetinin Vaşinqton Hüquq Kollecində 20 Yanvar – Ümumxalq Hüzn Gününün 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Azərbaycanın ABŞ-dakı səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə səfirliyin əməkdaşları, ABŞ dövlət qurumlarının nümayəndələri, diplomatik korpus üzvləri, azərbaycanlı icmasının təmsilçiləri, bu ölkədə təhsil alan azərbaycanlı və xarici tələbələr, həmçinin media nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Amerika Universitetinin Vaşinqton Hüquq Kollecinin direktor müavini, hüquq üzrə fəlsəfə doktoru Şəlalə Vəliyeva 1990-cı il 20 yanvarda sovet ordusunun Bakıda dinc əhaliyə qarşı törətdiyi qanlı hadisələrin Azərbaycan xalqının yaddaşında silinməz iz buraxdığını bildirib. O, 20 Yanvar faciəsinin xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsində həlledici dönüş nöqtəsi olduğunu vurğulayıb.
Universitetin beynəlxalq və müqayisəli hüquq araşdırmaları üzrə direktoru, hüquq professoru Padideh Alai bu kimi faciələrin yaddaşlarda yaşadılmasının və beynəlxalq ictimaiyyətə düzgün şəkildə çatdırılmasının vacibliyini qeyd edib. Onun sözlərinə görə, bu cür hadisələr təəssüf ki, bu gün də baş verir və bəşəriyyət onların mahiyyətini dərindən dərk etməlidir.
Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim çıxışında 20 Yanvar faciəsinin Azərbaycan xalqının müstəqillik iradəsini sındıra bilmədiyini, əksinə, milli birliyi və azadlıq əzmini daha da gücləndirdiyini bildirib. Səfir vurğulayıb ki, tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması bu cür faciələrin təkrarlanmamasında mühüm rol oynayır.
Saratoqa Fondunun prezidenti Qlen Hovard 20 Yanvar hadisələrini Azərbaycan dövlətçiliyinin və milli kimliyinin bərpası yolunda atılan mühüm addım kimi dəyərləndirib. O, bu faciənin keçmiş Sovet İttifaqında azadlıq arzusu ilə yaşayan digər xalqlara da ilham verdiyini, Qarabağın işğaldan azad edilməsinin isə Azərbaycanın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olduğunu qeyd edib.
Tədbir sual-cavab sessiyası və iştirakçılar arasında fikir mübadiləsi ilə davam edib. (Azərtac)
07:01 21.01.2026
Oxunuş sayı: 1129